Diabet, çölyak xəstəliyi və qlüten
Bütün məhsullar Çölyak xəstəliyi haqqında
Bir çox diabet insanda çölyak xəstəliyi də olur. Diabet və çölyak xəstəliyi ayrı-ayrı xəstəliklər olsa da, 1-ci tip (insulindən asılı) diabet xəstələri ilə çölyak xəstələri arasında, eləcə də pəhriz təsirləri və həyat tərzi amilləri baxımından oxşarlıqlar var.
Biz diabet, çölyak xəstəliyi və qlüten həssaslığı arasındakı əlaqələri izah edirik və qlütensiz pəhrizin necə kömək edə biləcəyini nəzərdən keçiririk.
Diabet və qlüten
Qlüten, diabet xəstələrinə, əgər onlarda çölyak xəstəliyi və ya çölyak olmayan qlütenə qarşı həssaslıq yoxdursa, mütləq zərərli deyil.
1ci tip diabet və çölyak xəstəliyi
1-ci tip diabet, insanın immun sisteminin insulin istehsal edən mədəaltı vəzindəki beta hüceyrələrinə hücum etdiyində baş verir. İnsulin qanda şəkər səviyyəsini tənzimləyən hormondur. Nəticədə mədəaltı vəz insulin istehsalını dayandırır. Daha sonra xəstələr yüksək qan şəkəri səviyyəsinin yaratdığı sağlamlıq problemlərinin qarşısını almaq üçün müntəzəm inyeksiyalara müraciyət etməli olurlar.
Çölyak xəstəliyi də immun sisteminin qlüteni toksik cisim kimi qəbul edib, ona qarşı antikorlar istehsal etməsi nəticəsində yaranan və nazik bağırsağın divarına ciddi ziyan vuran bir autoimmun xəstəlikdir. Qida maddələrini qan dövranına ötürən bağırsaqdakı kiçik barmaqlara bənzər vililər atrofiyaya uğrayır və nəticədə yastılaşır ki, bu da müalicə olunmazsa, qidanın sorulmasının pozulmasına, mineral çatışmazlığına və daha ciddi sağlamlıq problemlərinə səbəb olur. Müalicə ciddi qlütensiz pəhrizdən ibarətdir.
Tədqiqatlar göstərir ki, 1-ci tip diabetli insanların 3%-dən 10%-ə qədərində çölyak xəstəliyi də var. Lakin hər iki xəstəliyin olduğu aşkar edilmiş insanların əksəriyyətində çölyak xəstəliyinin heç bir əlaməti – şişkinlik, ishal, mədə sancıları və s. – müşahidə edilmir, ya da simptomlar diabet simptomlarıyla qarışdırılır. Buna görə də, çölyak xəstəliyi diaqnozu qoyulmuş insanlara 1-ci tip diabet üçün testdən keçmələri tövsiyə olunur və əksinə.
Çölyak xəstəliyi olan bir insanın xarici simptomları olub-olmamasından asılı olmayaraq, dərhal qlütensiz pəhrizə keçmək vacibdir.
Təkrarlanan hipoqlikemiya 1-ci tip diabetli insanlarda çölyak xəstəliyinin əlaməti ola bilər. Uşaqlarda 1-ci tip diabet və böyümə problemi varsa, bu çölyak xəstəliyinin də olduğunu göstəricisi ola bilər.

2ci tip diabet və çölyak xəstəliyi
2-ci tip diabet bədəndə şəkər tənzimlənməsi problemindən qaynaqlanır. Şəkər yanacaq rolunu oynayan qlükozadır. Qanda şəkərin davamlı yüksək səviyyədə olması qan dövranı, sinir və immun sistemlərində sağlamlıq problemlərinə səbəb ola bilər.
2-ci tip diabet və çölyak xəstəliyi arasında heç bir əlaqə məlum deyil, lakin çölyak xəstəsində 2-ci tip diabetin inkişaf etməsi mümkündür. Hər iki halda da ciddi şəkildə nəzarət edilən pəhriz əsas müalicə üsuludur.
Qlütensiz diet diabetə kömək edərmi
Qlütensiz pəhriz yalnız diabet və çölyak xəstəliyi olan insanın müalicəsində vacibdir. Çölyak olmayanların qlütensiz pəhrizə riayət etməsinə ehtiyac yoxdur.
Diabet və çölyak xəstəliyilə yaşamaq
Diabet və çölyak xəstəliyi olanlar yeməklərində çox nizamlı olmalıdır. Karbohidratların dəqiq miqdarını idarə etmək üçün onlar həmişə dietlərinə qarabaşaq, darı və kinoa kimi qlütensiz nişastalı karbohidratları daxil etməlidirlər.
Əgər diabet xəstəliyiniz varsa və sonradan sizə həm də çölyak xəstəliyi diaqnozu qoyulubsa, qlütensiz pəhrizə keçdikdən sonra qan şəkərinizin səviyyəsi dəyişə bilər. Çünki pəhrizinizdən qlüteni çıxarmaq bağırsağınızın divarlarının sağalmasına imkan verəcək və karbohidratlar da daxil olmaqla qida maddələrinin daha yaxşı mənimsənilməsinə səbəb olacaq! Bu, 1-ci tip diabetiniz varsa, nə qədər insulin istifadə etməli olduğunuza və yemək istədiyiniz porsiyaların ölçüsünə təsir edəcək.
Əgər çölyak xəstəliyi və 1-ci tip diabetiniz varsa, pəhrizinizi necə idarə etmək üçün fərdi məsləhət almağa həkiminiz tərəfindən diyetoloqa yönləndirilməlisiniz.