Qlüten və buğdaya qarşı həssaslıq: Qlüten dözümsüzlüyünün bir növü
Bütün məhsullar Çölyak xəstəliyi haqqında
Qlüten və buğdaya qarşı həssaslıq qeyri-allergik, qlütenlə əlaqəli funksional pozğunluqdur.
Qlütenə və buğdaya qarşı həssas olan şəxslərdə orqanizm qlütenə və ya buğdanın tərkibindəki digər komponentlərə qarşı qeyri-spesifik simptomlarla reaksiya verir. Lakin bu şəxslər çölyak xəstəliyindən və ya buğda allergiyasından əziyyət çəkmir. Qlüten və buğda həssaslığına qarşı spesifik biomarkerlər mövcud olmadığından bu tip qlüten dözümsüzlüyünün diaqnozu xəstəliyin istisna edilməsi ilə qoyulur. Qlüten və ya buğdaya qarşı hiperhəssaslıq simptomsuz şəkildə və istənilən yaşda meydana gələ bilər.Bununla yanaşı, qlüten və buğdaya qarşı həssaslıq keçici xarakterli ola bilər və qlütensiz pəhrizin təsiri ilə yaxşılaşma ola bilər.
Qlüten və buğda həssaslığı simptomları
Qlüten və buğda həssaslığı simptomları müxtəlif ola bilər və özlərini fərqli yollarla büruzə verə bilər:
- qarın ağrısı – bu, həmçinin, mədənin girişində yanma hissi ilə birlikdə müşahidə edilə bilər, ürəkbulanma və qusma; köp və toxluq hissi; qəbizlik və ishal
- yorğunluq, yuxarı və aşağı ətraflarda keyimə, əzələ qıcolmaları və oynaq ağrıları
- baş ağrısı, narahatlıq, özünüidarəetmə qabiliyyətində çatışmazlıq, çaşqınlıq, başgicəllənmə
- ekzema, qırmızı və ya şişmiş dil
Bu simptomların çoxu digər xəstəliklər üçün də xarakterik sayılır və bu səbəbdən əksər hallarda qlüten və buğda həssaslığı təyin edilməmiş və nəticədə müalicə edilməmiş qalır.
Qlüten və buğdaya qarşı həssaslığın diaqnostikası
Qlüten və buğda həssaslığının kompleks diaqnostikası çölyak xəstəliyinin və buğda allergiyasının inkar edilməsinə və orqanizmin qlütensiz pəhrizə reaksiya verməsinə əsaslanır.
Qlüten və buğda həssaslığına qarşı etibarlı biomarkerlərin – başqa sözlə, ölçülə bilən göstəricilərin olmaması və həmçinin qeyri-müəyyən simptomlar xəstəliyin diaqnozunun yalnız inkar etmək yolu ilə mümkün olması anlamına gəlir. Çölyak xəstəliyini və buğda allergiyasını inkar etmək birmənalı olaraq vacib məsələ sayılır. Əgər çölyak xəstəliyi və buğda allergiyası inkar edilibsə, növbəti addım xəstənin qlütensiz pəhrizə keçməsi olacaqdır. Simptomlarda əsaslı dərəcədə yaxşılaşma, qlüten qəbuluna qayıtdıqdan sonra isə yenidən pisləşmə müşahidə edilirsə qlüten və buğda həssaslığı diaqnozu təsdiq olunur.
Qlüten və buğda həssaslığının müalicəsi
Qlüten və buğda həssaslığının müalicəsi qlütensiz pəhrizdir.
Bununla yanaşı, çölyak xəstəliyindən fərqli olaraq qlüten və buğda həssaslığında qlütensiz pəhrizə ciddi və sabit şəkildə riayət etmək məcburi xarakter daşımır. Xəstə qlütensiz pəhrizə azı bir-iki il ərzində ciddi riayət etməlidir. Bu dövrdən sonra xəstə menyusuna az miqdarda, hissə-hissə qlüten əlavə edə bilər. Qlütenə qarşı tolerantlıq geniş spektrdə dəyişir, bu səbəbdən qlütenin menyuya əlavə edilməsi prosesi ehtiyatla həyata keçirilməlidir.
Siz həkim və ya diyetoloqsunuz? Siz qlüten və buğda həssaslığına dair daha geniş məlumatı Dr. Schär İnstitutundan – qlüten dözümsüzlüyü və qlütensiz pəhriz mövzusunda mütəxəssislər üçün hazırlanmış elmi portaldan əldə edə bilərsiniz.