Buğda allergiyası nədir?
Bütün məhsullar Çölyak xəstəliyi haqqında
Buğda allergiyası orqanizmin buğdaya qarşı artmış immunoloji reaksiyasıdır.
Buğda allergiyası müxtəlif formalarda ola bilər. Bitki allergiyasından fərqli olaraq buğda allergiyasının yaranmasında qıcıqlandırıcı faktor kimi tozcuqlar deyil, buğdanın tərkibindəki zülallar əsas rol oynayır. Buğda xüsusilə uşaqlar üçün əsas allergen hesab olunur. Əksər hallarda buğda allergiyası məktəb yaşlı uşaqlarda öz-özünə aradan qalxır. Böyüklərdə buğda allergiyasına yalnız fiziki yüklənmə (buğda ilə fiziki yüklənmə reaksiyası, BFYR) və ya buğda ununda olan allergenlərin şəxsin tənəffüs aktı zamanı daxilə getməsi halında meydana gələn çörəkçi astması formasında təsadüf edilir.
Buğda allergiyasının simptomları:
Buğda allergiyasının əsas simptomları adətən qida qəbulundan sonra dəri və tənəffüs yollarında özünü büruzə verir. Bu, həmçinin qida qəbulunun gecikdirilməsindən sonra mədə narahatlığının yaranması ilə də müşahidə oluna bilər.
Mümkün simptomlar:
- Ağızda, burunda, gözdə və boğazda: şişkinlik, qaşınma və ya cızılma hissi
- Dəridə: atopik dermatit və ya övrə
- Ağciyərdə: tənəffüs çətinliyi, astma və ya çörəkçi astması
- Bağırsaq traktında: qıcolmalar, ürəkbulanma, qusma, köp və ya ishal
Buğda allergiyasının diaqnozu
Digər allergiyalarda olduğu kimi buğda allergiyasında da simptomlar “qida və simptomlar gündəliyin”də qeyd edilməlidir. Növbəti addım spesifik İgE anticisimləri testinin və dəri-prick testinin həyata keçirilməsindən ibarət olur. Əgər mövcud simptomlar çölyak xəstəliyinin simptomları ilə eynilik təşkil edirsə, yəni buğda qəbulundan sonra qarın ağrısı, ishal və ya ürəkbulanma kimi simptomlar müşahidə edilərsə, digər tədbirlərin həyata keçirilməsindən əvvəl çölyak xəstəliyini istisna etmək lazım gəlir. Diaqnozu təhrif etməmək məqsədilə diaqnoz qoyulana qədər buğdasız və ya qlütensiz pəhrizə başlanılmamalıdır.
Buğda allergiyasının müalicəsi
Buğda allergiyasının əsas müalicəsi pəhrizin dəyişdirilməsindən ibarət olur. Allerqoloqun buğda allergiyasının dəqiq diaqnozunu qoymasından sonra buğda və bu kimi dənliləri qida rasionundan çıxarmaq lazım gəlir. Şübhələnmədiyiniz əksər hazır qida məhsullarının tərkibində buğda ola bilmə ehtimalını unutmayın. Məsələn, çovdar çörəyinin tərkibində də buğda ola bilər. Qlütensiz qida maddələri buğdasız qida maddələri ilə eyni deyildir, çünki onların tərkibində buğda allergiyasına malik şəxslər üçün uyğun olmayan buğda nişastasının olma ehtimalı vardır. Buna görə də məhsul alarkən mütləq etiketini oxumaq, yaxud satış heyətindən müvafiq inqrediyent barəsində məlumat almaq lazımdır.
Qida rasionunda edilən dəyişikliklərdən sonra pəhrizinizin balanslı olmasından əmin olmaq və yeməklərin bişirilməsində alternativ variantlarla tanış olmaq məqsədi ilə diyetoloq məsləhətindən istifadə etmək məqsədəuyğundur.
Siz həkim və ya diyetoloqsunuz? Siz buğda allergiyasına dair daha geniş məlumatı Dr. Schär İnstitutundan – qlüten dözümsüzlüyü və qlütensiz pəhriz mövzusunda mütəxəssislər üçün hazırlanmış elmi portaldan əldə edə bilərsiniz.