
Zəmanətli qlütensiz xam inqrediyentlər: fermerlərimiz sayəsində
Bütün məhsullar
Öz toxumlarımızdan və öz yetişdirdiyimiz qlütensiz taxıl bitkiləri.
Biz “Schär” şirkəti olaraq qlütensiz məhsulların təchizatçısı kimi öz məsuliyyətimizə çox ciddi yanaşırıq, çünki qlütensiz pəhrizin etimad, eləcə də zövq məsələsi olduğunu bilirik. Bizim yüksək keyfiyyəti, təhlükəsizliyi və dayanıqlılığı təmin etmək vədimiz istehsal mərhələsindən xeyli əvvəl başlayır. Bu, bizim ən yaxşı toxumlarla bağlı tədqiqatımız və qlütensiz taxıl bitkilərini ciddi nəzarət altında yetişdirməyimizlə başlayır.
Biz “Schär” şirkətinin müqavilə bağladığı və bizi məhsullarımız üçün ən mühüm xam inqrediyentlərlə təmin edən ixtisaslı, sertifikatlı fermerlərin rəhbərliyi altında öz taxıl bitkilərimizi yetişdirməyimizlə qürur duyuruq. Bu, səpin və yığımdan emala və son məhsula qədər hər şeyin vahid mənbədən təchiz edilməsindən tam əmin olmağımıza imkan verir. Bu, eyni zamanda, sizə qlütensiz məhsulların yüksək keyfiyyəti ilə bağlı zəmanət verməyimizə də şərait yaradır. Hər bir xam inqrediyent istehsalda istifadə edilməzdən əvvəl ilk öncə şirkətdaxili keyfiyyət laboratoriyamızın ciddi nəzarət-yoxlamasından keçməlidir. Bu o deməkdir ki, “Schär” şirkətinin bütün məhsulları zəmanətli şəkildə qlütensizdir və onların tərkibində heç bir süni şirinləşdirici, ətirləşdirici, boyaq maddələri və GMO-lardan (geni dəyişdirilmiş orqanizmlər) alınmış inqrediyentlər yoxdur.
Bitkilərin yetişdirilməsi üzrə uzunmüddətli müqavilələr imzalanmış seçilmiş fermerlər
Biz “Schär” şirkəti olaraq öz çoxillik təcrübəmiz ərzində İtaliyada, Avstriyada və Avropanın digər bölgələrində ən mühüm qlütensiz xam inqrediyentlərin nəzarətli şəkildə yetişdirilməsi üçün seçilmiş fermerlərdən ibarət şəbəkə qurmuşuq. Biz düyü və qarğıdalının yetişdirilməsi prosesini tədricən mükəmməlləşdirmişik. Fermerlərlə məhsul yetişdirilməsi üzrə bağlanan müqavilə səpindən yığıma qədər bütün dövrü, yəni xam inqrediyentlərin “Schär” şirkətinin taxıl dəyirmanlarına çatdırılması və qəbuluna qədərki bütün dövrü əhatə edir. “Schär” şirkətinin istehsalat obyektlərinə çatdırılandan sonra unlar şirkətin çörəkxanalarına buraxılmazdan əvvəl əlavə keyfiyyət yoxlamalarından keçməlidir.
“Schär” şirkətinin bitki yetişdirmə planında fermerlərin istifadə etməli olduğu toxumlar, minimum yetişdirmə sahəsi, əldə olunan məhsul və taxılları qlütenlə və ya digər allergenlərlə, ağır metallarla və ya göbələk toksinləri ilə çirklənməmiş şəkildə çatdıra bilmək üçün qonşu tarlalarla saxlanmalı olan ara məsafəsi müəyyən olunur. “Schär” şirkətinin aqronomları vaxtaşırı olaraq bitkilərin sağlamlığını və məhsul yığımını yoxlamaq, ölçü işləri aparmaq və təhlil üçün nümunələr götürmək məqsədilə tarlalara səfər edirlər. Bu intensiv məsləhət və dəstək vermə prosesi fermerlər üçün böyük bir üstünlükdür.
“Nəzarətli yetişdirmə ilə bağlı sənədlərdə fermerlər və bizim üçün nəhəng həcmdə iş nəzərdə tutulsa da, bu, bütün iş axınını şəffaf şəkildə izləməyin və təhlükəsizliyə təminat verməyin yeganə yoludur,” deyə “Schär” şirkətinin kənd təsərrüfatı layihələri üzrə rəhbəri Eduard Bernhart qeyd edir.
Məhsul yığımı həlledici bir məqamdır. Belə ki, iqlim şəraitinin çətin olduğu illərdə, məsələn, qarğıdalı göbələk toksinləri ilə çirklənə bilər. Bu səbəbdən, “Schär” şirkətinin fermerləri bu riski əhəmiyyətli dərəcədə azaltmaq üçün öz qarğıdalı məhsulunu tərəfdaş dəyirmanlara ənənəvi fermerlərdən daha erkən çatdırırlar. Bundan əlavə, məhsul yığımı vasitələrinin sürücüləri öz məhsul yığımı avadanlıqlarının tamamilə təmizləndiyinə təminat verən sənədləri təqdim etməlidirlər. Yığılmış taxıl gözləntilərə cavab verərsə, vegetasiya dövrü hər iki tərəf üçün sərfəli şəkildə başa çatır. “Schär” şirkəti özünün ən mühüm xam inqrediyentləri ilə bağlı zəmanətli və qlütensiz yüksək keyfiyyətdən arxayın ola bilər. Fermerlər informasiya, təcrübə və monitorinqin verdiyi əlavə dəyəri, eləcə də ədalətli qiymətə satınalma əmniyyətini yüksək qiymətləndirirlər.
“Schär” şirkəti ilə əməkdaşlıq fədakar fermerlər üçün zəhmətli iş olsa da, onlar təchiz etdikləri xam inqrediyentlərin “Schär” şirkətinin xüsusi təyinatlı qlütensiz məhsullarının istehsalındakı əngəlləri aşaraq xüsusi qida ehtiyacları olan insanların həyat keyfiyyətinə töhfə verdiyi anda qürur hissi keçirirlər.
Dayanıqlı konsepsiyalar: ikinci-nəsil xam inqrediyentlərin yetişdirilməsi
Biz “Schär” şirkəti olaraq qlütensiz məhsulların insanlara həyatdan daha çox zövq almaq imkanı verməsi ilə yanaşı, ekoloji və etik keyfiyyət standartlarını da müəyyənləşdirmək istəyirik. Buna müvafiq olaraq, nəzarətli yetişdirmə prosesi yeni bir mərhələyə keçir: bizim aqronomlar müqavilə bağladığımız çalışqan fermerləri sudan istifadəni azaltmağa həvəsləndirirlər. Damcılı suvarma kimi innovativ suvarma metodları istifadə olunan suyun həcminin üçdə ikisinə qədər qənaət etməyə imkan verə bilər. Aqronomlarımız həmçinin fermerləri intensiv monokultura (bir bitkinin əkilməsi) əvəzinə müxtəlif taxıl bitkilərinin növbələşdirilməsi, aralıq əkinlər və qoruyucu örtüklərdən istifadə kimi qabaqcıl əkin üsullarını qəbul etməyə həvəsləndirirlər. Bu, torpaqda təbii balansı inkişaf etdirməyə, gübrə və pestisidlərdən istifadəni əhəmiyyətli dərəcədə azaltmağa və taxıl bitkilərinin tərkibində təbii qidalı maddələrin artmasına imkan verir.
Optimal qlütensiz məhsul yığımı üçün şirkətdaxili tədqiqat qrupu
Biz “Schär” şirkəti olaraq qlütensiz məhsul yetişdirilməsi üçün hansı toxumların ən əlverişli olmasını müəyyən etmək məqsədilə uzun müddətdir ki, intensiv əsaslı tədqiqat həyata keçiririk. Məqsəd qlütensiz məhsulların istehsalı tələblərinə optimal şəkildə uyğun gəlmək və müştərilərimizin dadla bağlı gözləntilərinə cavab vermək üçün bitkilərin hansı xüsusiyyətlərə malik olmalı olduğunu və xam inqrediyentlərdə hansı qidalandırıcı və bişmə xüsusiyyətlərinin mövcud olmalı olduğunu müəyyən etməkdən ibarətdir. İtalyan dilində səpindən xam inqrediyentlərin çatdırılmasına qədər bütün nəzarətli yetişdirmə zəncirini ifadə edən “Filiera” prosesi öz başlanğıcını bizim tədqiqat şöbəmizdə götürür. Bu şöbə Triest şəhərindəki “Area” (Sahə) texnoparkında yerləşir və bizim birinci-sinif xam inqrediyentlərimiz üçün təməl daşı rolunu oynayır.
Düyü və qarğıdalı ilə yanaşı, darı, yulaf və qarabaşaq kimi digər qlütensiz taxıl və taxılabənzər bitkilər də emal prosesində getdikcə daha vacib rol oynayır. Onlar “Schär” şirkətinin ən son qlütensiz məhsullarında nəinki daha çox qidalı maddələri və dadı, həm də biomüxtəliflik baxımından üstünlükləri təmin edir. Bu səbəbdən, hazırda davam edən RE-CEREAL tədqiqat layihəsi İtaliya ilə Avstriya arasındakı sərhəddə yerləşən Alp bölgəsində darı, qarabaşaq və yulafın yetişdirilməsi imkanlarını araşdırır – burada məqsəd yerli fermerləri bu bitkilərin monokulturalara dəyərli bir alternativ olmasına inandırmaqdan ibarətdir.
Düyü: tarladan rəfə qədər təhlükəsizliyə nümunə
Mürəkkəb prosesləri və ciddi nəzarət tədbirlərini daha yaxşı başa düşmək üçün “Schär” şirkətinin düyüsünün səpindən emal olunmuş məhsula qədər keçdiyi prosesi izləyək.
- Əkin sahəsinin və düyü sortunun seçilməsi: İtaliyanın şimalında düyü yetişdirilməsi sahəsində uzunmüddətli ənənə mövcuddur. Lakin “Schär” şirkətinin məhsullarında istifadə üçün nəzərdə tutulan düyü bu bölgədəki istənilən tarladan əldə olunmur. Yalnız şirkətin fəlsəfəsini başa düşən fermerlər uzunmüddətli tərəfdaşlıq üçün nəzərdən keçirilir və seçilir. Bizim aqronomlar əkin sahələrində müntəzəm olaraq yoxlama aparırlar. Yalnız “Schär” şirkəti tərəfindən əla xüsusiyyətlərinə və yüksək keyfiyyətinə görə seçilmiş düyü sortları yetişdirilir.
- Fermerlərin təlimləndirilməsi: Biz düyü yetişdirən fermerlərimizlə sıx, etibarlı münasibət saxlayırıq. “Schär” şirkəti məhsulun yetişdirilməsi zamanı tərkibində qlüten və ya digər allergenlər olan taxıllarla çirklənmənin qarşısını almaq məqsədilə fermerləri hərtərəfli təlimlə təmin edir.
- Nəzarətli yetişdirmə: Tarlalarda tərkibində qlüten olan heç bir taxıl bitkiləri qabaqcadan becərilə bilməz. Digər əkinlər, yollar və sənaye sahələri ilə kifayət qədər ara məsafəsi saxlanmalıdır. Məhsul yığımından əvvəl bütün zəruri alətlər, avadanlıqlar və nəqliyyat vasitələri təmizlənməlidir. Yetişdirilən düyü qlütensiz qidalarla bağlı ciddi təlimatlara uyğun şəkildə əkilməlidir. Düyü ehtiyatla yetişdiriləndən, yığılandan və ən yaxşı şəraitdə qurudulandan sonra qabıqdan ayrılır və təmizlənir.
- Dəyirmanda təhlükəsiz emal: Taxıl dəyirmana getməzdən əvvəl ayrı-ayrı və ya təmizlənmiş konveyerlərə yüklənir. Qarışıq taxıl dəyirmanında narın un tozu ilə çirklənmə riski çox yüksək olduğundan, “Schär” şirkətinin istifadə etdiyi düyü yalnız sırf qlütensiz taxıl bitkilərini üyüdən dəyirmanlarda emal olunur. Burada da müntəzəm qaydada keyfiyyət yoxlamaları aparılır.
- “Schär” şirkətinin keyfiyyət laboratoriyasında keyfiyyətin yoxlanması: Düyü dəyirmandan narın un formasında çıxır və “Schär” şirkətinin istehsalat obyektlərindən birinə daşınır. Un xırçıldayan pizza təbəqələrində, makaronda və ya keksdə istifadə olunmazdan əvvəl unu qəbul edən anbarda nümunələr götürülür. “Schär” şirkətinin keyfiyyət laboratoriyasında bu məhsullar müəyyən xüsusiyyətlərlə bağlı yoxlamadan keçirilir. Unun nəmliyi, su udma qabiliyyəti və orqanoleptik xüsusiyyətləri, habelə, əlbəttə ki, tərkibində qlütenin, digər allergenlərin və mikro-orqanizmlərin mövcud olub-olmaması yoxlanılır. Un yalnız keyfiyyətlə bağlı tələblərə cavab verdiyi halda anbarlara boşaldıla bilər.
- “Schär” şirkətinin istehsalat obyektlərində nəzarətli istehsal: “Schär” şirkətinin çoxsaylı məhsullarından birini istehsal etmək üçün un sınanmış reseptlər əsasında digər xam inqrediyentlərlə emal olunur. Nəzarət tədbirləri sabit məhsul keyfiyyətini təmin edir. İstehsalı başa çatmış qida məhsulları daha sonra yekun yoxlamadan keçir. Yalnız göstəricilərə və standartlara cavab verdikləri halda onlar satış nöqtələrinə daşınır.
- Satış nöqtəsinə sürətli çatdırılma: “Master Baker’s” çörəyi kimi təzə məhsullar üçün sürət vacib məqamdır. Səmərəli paylanma zənciri bu məhsulların ən qısa zamanda rəflərdə olmasını təmin edir.