Schär | glutenfree Products - Qlütensiz məhsullar sahəsində öndə

Qlütensiz məhsullar sahəsində öndə

Bütün məhsullar

Ənənə ilə təcrübə bir arada: “Schär” şirkəti ilə qlütensiz həyatdan zövq alın.

Biz “Schär” şirkəti olaraq qlütensiz məhsullar sahəsində özümüzü fəxrlə ən yaxşı adlandırırıq: 35 ildən artıqdır ki, biz həyatın xoşbəxt anlarından qlütensiz zövq almaq şüarımıza sadiqik. Biz balanslı pəhriz üçün qidalı, təbii şəkildə qlütensiz olan inqrediyentlərdən yüksək keyfiyyətli, qlütensiz məhsulların hazırlanması üsullarını araşdırır, işləyib hazırlayır və bu məhsulları istehsal edirik. Şirkətdaxili tədqiqat qrupumuzun dəstəyi ilə formalaşan keyfiyyət standartlarımız bu sektor üçün oriyentirləri müəyyən edir. Biz sağlamlıqla həyat keyfiyyətini bir‑birindən ayrılmaz hesab edirik. Bizim məhsullarımız və bütün istehsal zəncirimiz 100% qlütensiz olub, mükəmməl ləzzəti və maraqlı çeşidləri təmin edir. Biz “Schär” şirkəti olaraq dünyanın ən geniş çeşidli qlütensiz brend məhsulları ilə sizin fərdi qida ehtiyaclarınızı təmin edirik.

Tarix yazırıq: “Schär” şirkəti qlütensiz həyat keyfiyyətinin öncülüdür  

Avropanın sevilən qlütensiz brendi bazara Cənubi Tirolun Meran şəhərindəki kiçik əczaçılıq və sağlamlıq məhsulları mağazası ilə daxil olmuşdur. Biz bu gün “Schär” şirkəti olaraq tamamilə qlütensiz pəhriz və həyat tərzi sahəsində sizin seçdiyiniz tərəfdaşıq. Biz hər gün sizin əvəzinizdən çölyak xəstəliyi və qlütenə/buğdaya qarşı həssaslıqla bağlı tədqiqat, maarifləndirmə və digər xidmətlər sahəsində böyük səy və fədakarlıq göstəririk.

Schär brendinin əsası 1922-ci ildə qoyulmuşdur. O, ilk vaxtlar İnsbrukun baş həkimi olan Dr. Anton Schär tərəfindən hazırlanan qlütensiz uşaq qidası olmuşdur. Ulrix Ladurner hələ 23 yaşında valideynlərinin əczaçılıq və sağlamlıq məhsulları mağazasının rəhbərliyinə keçəndə qlütensiz məhsullara maraq göstərirdi. O, bu məhsulları mağazadakı çeşidlərin sırasına daxil etdi və nəhayət, 1979-cu ildə bütövlükdə brendi öz nəzarətinə keçirdi. O, məhsulların potensialına inanırdı, çünki öz müştəriləri ilə söhbətlərindən bilirdi ki, çölyak xəstəliyi olan insanlar üçün həqiqətən uyğun olan qida yox idi. O, həmin vaxtdan etibarən qlütensiz qida məhsullarının təchizatı sahəsində ixtisaslaşdı və nəhayət, 1981-ci ildə “Schär” brendini bazara çıxardı.

“Qlütensiz məhsullar mövzusu lap əvvəldən mənə çox maraqlı gəlirdi. Mən 1981-ci ildə şirkəti rəsmi qeydiyyata aldıranda çölyak xəstəliyi mövzusunun necə inkişaf edəcəyi ilə bağlı heç bir fikrim yox idi. Mən bunun ixtisaslaşmış bazar seqmenti olduğunu zənn edirdim. Mənim üçün həlledici amil bu seqmentin nə qədər böyük olması deyil, insanların ehtiyaclarının nə dərəcədə güclü olması və onların ehtiyacları üçün nə edə biləcəyim olmuşdur. Bu ilkin inam hələ də öz mövcudluğunu saxlayır və bu gün də əlimizdən gələn hər şeyi etməyimiz üçün zəmin rolunu oynayır”

Ulrix Ladurner, sədr

Qlütensiz qida məhsulları bazarda inqilabi dəyişiklik edir

Çölyak xəstəliyinin diaqnostika faizi 35 il bundan əvvəl nisbətən aşağı idi. Dözümsüzlük halları mövzusu yavaş-yavaş aktual mövzuya çevrilirdi. Qlütensiz reseptlərin hazırlanmasına olan maraq və ehtiyac bu inkişafa mütənasib olaraq artırdı.
Təxmini hesablamalara görə, hər 100 nəfərdən biri çölyak xəstəliyinə məruz qalır. Bu günə qədər qlütensiz qida məhsullarının qəbulu bu dözümsüzlüklə mübarizənin yeganə üsulu hesab olunur. Əvvəllər qlütensiz pəhriz düyü, qarğıdalı və kartofdan ibarət olan sadə, təbii şəkildə qlütensiz reseptlərə əsaslanırdı. “Schär” şirkəti tədricən peçenye çeşidləri və qlütensiz un daxil olmaqla, qlütensiz məhsulları rəflərə çıxardı.

Bu, xəstəliyə məruz qalanlar üçün bir növ inqilabi yenilik idi və onlar tədricən öz həyat keyfiyyətlərini yenidən kəşf etməyə başlayırdılar. Nəhayət ki, kimsə düzgün həll variantını – qidalanma elminə uyğun olaraq onların ehtiyaclarını ödəyən qlütensiz məhsulları təklif edirdi. Bu gün “Schär” şirkəti populyar ənənəvi qida məhsullarının qlütensiz versiyalarını təklif etməyə davam edir. Onlar həmin məhsullara dad, qoxu, görünüş və tərkib baxımından çox yaxın olub, bu günün həyat tərzinə rəvan şəkildə uyğunlaşır. Bu məhsulların sırasına sağlam, qlütensiz yarımfabrikat qidalar daxildir.

Keyfiyyət və məlumatlılığın yaxşılaşdırılması üçün qlütensiz qida sahəsində şirkətdaxili tədqiqat qrupu

Lap əvvəldən aydın idi ki, yalnız ən yüksək keyfiyyət həqiqi ləzzətə və təhlükəsizliyə zəmanət verir. Bu isə öz növbəsində həyat keyfiyyətini yüksəldir və qlütensiz pəhrizə riayət olunmasını asanlaşdırır. Məhz bu səbəbdən biz “Schär” şirkəti olaraq ən yüksək keyfiyyəti təklif etməyə və onu hər gün daha da yaxşılaşdırmağa can atırıq. Bizdə elə ilk vaxtlardan yeni məhsulların hazırlanması üzrə xüsusi şöbə fəaliyyət göstərirdi. İlk vaxtlar məhsul çeşidlərinin genişləndirilməsi və təkmilləşdirilməsinə ambisiyalı bir çörəkçi cavabdeh idi. Sonralar bu vəzifəni qida texnoloqları yerinə yetirməyə başladılar. Biz “Schär” şirkəti olaraq daim qidalanma üzrə ekspertlər, həkimlər və çölyak xəstəliyi assosiasiyaları ilə sıx əməkdaşlığa etibar etmişik.

Təcrübənin və Avropa bazarında tələbin artması “Schär” şirkətini 2003-cü ildə Triest şəhərində öz tədqiqat laboratoriyasını açmağa vadar etdi. Beynəlxalq ekspertlərin də daxil olduğu elmi komitənin iclasları müntəzəm əsasda çağırılır: həkimlər, qastroenteroloqlar və qidalanma üzrə ekspertlər çölyak xəstəliyini və qlütenə/buğdaya qarşı həssaslığı kompleks nöqteyi-nəzərdən araşdırırlar. Onlar uzunmüddətli perspektivdə qeydə alınmayan çölyak xəstəliyi hadisələrinin sayının azaldılması məqsədilə simptomlarda və diaqnostika üsullarında baş verən dəyişikliklər barədə bir‑birinə məsləhət və məlumat verirlər. Ekspertlər mühazirələrdə və mütəxəssis jurnallarında əldə olunan nəticələri müzakirə edir və çölyak xəstəliyi mövzusu ilə təmasda olan hər kəs, məsələn, ailə həkimləri, diyetoloqlar və bir çox digər mütəxəssis qrupları üçün qlütensiz həyatla bağlı biliklərin hərtərəfli şəkildə genişlənməsinə töhfə verirlər.