
Cənubi Tirol: təbii gözəllik və yaşam sevinci
Bütün məhsullar
Cənubi Tirol heyranedici mənzərələri, aşılmaz dağları və özəl kulinariya ənənələri ilə payızda və qışda öz təsirli gözəlliyini üzə çıxarır.
Cənubi Tirol öz təbiətində və mədəniyyətində bir-biri ilə rəvan və zərif şəkildə çulğaşan təzadların özünəməxsus ahəngini yaradır. Nəticədə, Cənubi Tirolun qarla örtülü zirvələrin fonunda palma və zeytun ağaclarının yaratdığı füsunkar mənzərəsi ortaya çıxır. Gəlin, gözəl bulaqları izləyərək cığırlarla piyada və ya velosiped gəzintisinə çıxaq, ruhumuzu və hisslərimizi oxşayan yetişmiş almaların bol olduğu dərələrdən və çəmənlərdən ötüb keçək. İrəlidə, cığırlar iri salxımları aşağı əyilən üzüm meynələrinin yanından burulub keçərək, mənzərəli təpə yamacına aparıb çıxarır. Bu təpələrin arxasında YUNESKO-nun təbii irs zonası olan əfsanəvi Dolomitlər səhər günəşi altında bərq vurur. Mənzərə davam edərək, bizə Alp bitkilərindən ibarət tünd yaşıl çəmənlərin fonundakı kələ-kötür dağları və ya qış mənzərəsinin dərin qar qatı ilə örtülmüş idillik dağ kəndlərini göstərir.
“Cənubi Tirol haqqında coşqusuz danışmaq çətindir!” deyə “YourLife” jurnalının yubiley buraxılışı münasibətli ölkəni səyahətə çıxmış müxbirimiz bildirir. Əlbəttə ki, müxbirimiz həm də qalmağa və qlütensiz yeməklər yeməyə əla məkanlar, habelə Cənubi Tirolun sevimli payız qidası olan şabalıd haqqında maraqlı faktlar axtarışındadır.
Törggelen: Cənubi Tirolun möhtəşəm ənənəsi
Törggelen haqqında nə vaxtsa eşitmisiniz? Cənubi Tirolu yaxşı tanımırsınızsa, bunun mümkünlük ehtimalı azdır. Törggelen payızda Cənubi Tirolun dərələri boyunca gəzintiyə çıxmaq, qızardılmış şabalıdla və mövsümi yeməklərlə “cavan şərab”ın dadına baxmaq ənənəsidir. “Törggelen öz adını Cənubi Tirol dialektində şərab hazırlamaq üçün istifadə olunan vint presini bildirən “Tiorql” sözündən götürür. Beləliklə, bu ənənə presdən yenicə sıxılmış şərabla bağlıdır. Təsəvvür edə biləcəyiniz kimi, kifayət qədər zövq verici bir adətdir!” Bu sözlərin müəllifi bu ənənəni şəxsən bilən Sebastian Fausterdir. Onun ailə təsərrüfatına aid olan içkixanası populyar gəzinti məkanı olan gözəl İzarko vadisindəki “Keştnveq” və ya Şirin Şabalıd Cığırından bir qədər aralıda yerləşir. O, orqanik şərab, heyva arağı istehsal edir və şirin şabalıddan hazırladığı likörü ilə məşhurdur.
Vadi cənubda Brennerdən Bolzanoya qədər təxminən 80 km uzanır və sonralar bütün Cənubi Tirol əyalətində populyarlaşmış Törggelen ənənəsinin yarandığı yer hesab olunur. Bu mülayim, ilıq payız günündə bütün vadi “cavan şərab” həvəskarları ilə dolu görünür. Ancaq Törggelen əslində sadəcə şərab ekspertlərinin hər il xüsusi səbirsizliklə gözlədiyi “Nuien” adı ilə tanınan “cavan şərab”ı dadmaqdan ibarət deyil. Şərab və onunla əlaqəli olan, Cənubi Tirolda “Marende” adı ilə tanınan istirahəti qazanmaq lazımdır. Ənənəyə görə, əyləşib şərabdan zövq almazdan əvvəl adətən kiçik qruplar şəklində ən azı qısa bir gəzintiyə çıxmaq, mülayim payız havasından zövq almaq, cənuba köç edən qaranquşları və uzaqda parıldayan dağları seyr etmək və ruhunuzu yeniləyən yüngül mehi hiss etmək lazımdır. Cənubi Tirolda, xüsusilə cənubun şərab istehsal edən bölgələrində payız ilin ən gözəl və xoş vaxtı hesab olunur. Meşə parlaq rənglərlə bəzənəndə və meynə cərgələri batan günəşin şüaları altında işaranda Ana Təbiət bütün gözəlliyi ilə son dəfə bərq vurur və Avropanın hər yerindən insanlar onu seyr etməyə gəlir!
Şabalıda əsaslanan kulinariya təamları
Oktyabr günəşinin mülayim işığından, qızılı təbiət mənzərəsindən, zövq oxşayan piyada və velosiped gəzintisi cığırlarından kifayət qədər danışdıq. Bəs Törggelen ənənəsi zamanı stəkan və boşqablarımızda nələrin olmasını gözləməliyik? Bu xoş ənənə kulinariya elementlərinə xüsusi diqqət yetirir. Dostyana və rahat ab-havada biz ümumi olaraq Cənubi Tirolun və xüsusi olaraq qonağı olduğumuz şəxsin bizə təklif etdiyi təamların dadına baxırıq: kərə yağına batırılmış soyutma kartof, ləpə, qaxac vetçina, sosiska, kələm turşusu və polenta ilə servis olunan hisə verilmiş ət və qabırğa klassik Törggelen yeməkləridir. Desert isə həmişə “Keştn” – açıq od üstündə qızardılmış şirin şabalıd olur. Bunu yalnız Cənubi Tirolun mövsümi mətbəxində yaxşı hazırlaya bilirlər. Yeməyi müşayiət edən ənənəvi içki isə təzə sıxılmış və hələ qıcqıraraq şəraba çevrilməmiş üzüm şirəsi və ya keçmişin Törggelen ənənələri ilə birbaşa bağlı olan “çox cavan şərab” olur.
Sağlamlıq yoxsa gəzinti? Biz hər ikisindən istifadə edəcəyik!
Bolzanodan şimalda yerləşən İzarko vadisi Törggelen ənənəsinin meydana gəldiyi yer olsa da, bu gün bu ənənənin həyata keçirildiyi yeganə yer deyil. Cənubi Tirolun çox sayda gözəl gəzinti cığırları olan qərb hissəsi də bu payız ənənəsində mühüm rol oynayır. Burada Vigilius dağ kurortuna rast gəlmək olar. Bu kurort daimi əsasda özünün əla mətbəxindən mövsümə uyğun qlütensiz qidalar təklif edir. Lakin istedadlı baş aşpazın hazırladığı polenta və şabalıdlar sizi Vigiliusa cəlb edən yeganə amil deyil. Dəniz səviyyəsindən 1500 metr yüksəkdə yerləşən və yalnız kanat yolu ilə əlçatan olan bu kurort hədsiz istirahət imkanları və təravətli dağ havası ilə aşağıda baş verən həyatın gərgin ritmini unutmaqda sizə kömək edir. Beş ulduzlu butik-otel onu əhatə edən gözəl mənzərə ilə ahəngdar şəkildə uzlaşır. Bu dağ cənnəti Eçtalda yerləşən Lana qəsəbəsindən cəmi bir neçə dəqiqəlik məsafədə, aşağıda baş verən gündəlik hadisələrdən xeyli yuxarıda yerləşir. Modernist üslublu mehmanxana olan Vigilius dağ kurortu divarındakı hər məsamədən havasını udduğu təbiətlə ayrılmaz bağlara malikdir. Taxta, gil və kətan otelin əsas xüsusiyyətləri olub dəbli ab-hava yaradır və təhlükəsizlik hissi bəxş edir. Sərin gündə və ya uzun dağ gəzintisindən sonra kurort-oteldə mövcud olan geniş çeşidli imkanlardan (istər saman vannasında dincəlmək, istərsə də küknar qozaları üzərində ayaqyalın gəzmək) istifadə edərək gümrahlaşmaqdan daha yaxşı heç nə ola bilməz.
Bolzanoya məftun olmaq
Alp dağlarının füsunkar mənzərələri ilə yanaşı təmiz dağ havası, marmotlar, şərab və qaxac vetçinadan əlavə, Cənubi Tirolun şəhərlərində də, xüsusilə Bolzanoda və Meranda faydalana biləcəyiniz bir çox imkanlar mövcuddur. Bu qabaqcıl şəhərlərin başqa heç yerdə rast gəlinməsi mümkün olmayan özəllikləri vardır: onlar mədəniyyətlərin qovuşma nöqtələri kimi oynadıqları roldan irəli gələn özünəməxsus xarakterə malikdirlər. Son onilliklərdə Aralıq dənizinin sərv və limon ağacları, hərəkətli bazarlar və cənub zərifliyi formasındakı təsiri kələ-kötür mənzərəli Alp dağları, onların təravətli ecazı və rahat, mehriban ab-havası ilə çulğaşmışdır. Meran şəhərindəki Trautmansdorf qalasının bağları bu mədəni müxtəlifliyin bariz nümunəsidir. Belə ki, bu bağlar Cənubi Tirolun bütün bağ və parklarının təbiətinin gözəlliyini geniş spektrli müxtəlif bağ mənzərələrində ehtiva edir.
Şimaldan gələn qonaqlar Bolzanonu cənuba gedən yolda sevimli bir dayanacaq hesab edirlər. Bunun səbəbi onların Brenner və ensiz İzarko vadisindən təzəcə çıxmaları deyil, onların bostanları və üzüm sahələri olan geniş və əksərən günəşli Eçtala gələndə həmişə dedikləri kimi, Cənubi Tirolun havasında Aralıq dənizinin qoxusunun hiss olunmasıdır. Bolzanoya gələndə onun əsl yaddaqalan və maraqlı bir yer olduğunu görmüş olursan. Heyrətamiz dərəcədə mülayim Aralıq dənizi iqlimi şəhərin mənzərəli tarixi rayonunun hər guşəsində və xiyabanında, hətta payızda da hiss olunur. Şəhərin şəraiti elit biznes, dəbdəbə və ümumilikdə həsəd doğuran həyat keyfiyyəti ilə xarakterizə olunur. Burada Alp alabalığı ilə osminoq misilsiz Vernaç üzümündən hazırlanan tipik cənub şərabı ilə yanaşı eyni süfrədə təqdim olunur. Alp delikatesləri Aralıq dənizi təamları ilə birlikdə ləzzətli kombinasiya əmələ gətirir. Analoji olaraq, Cənubi Tirolun şəhərlərində, xiyaban və söhbətgahlarında, pasaj və kafelərində, Neptun fəvvarəsinin ətrafında və İtaliyanın sanki bütün qastronomiya mağazalarını özündə birləşdirən şəhərin bazar meydanında bir qayda olaraq həm alman, həm də italyan dilini eşitmək mümkündür. Yeri gəlmişkən, bazar meydanından bir döngə aralıda Cənubi Tirolun Arxeologiya Muzeyi yerləşir. Muzeydə sərgilənən Buz Adam Ötzi eksponatı çoxsaylı qonaqları buraya cəlb edir.
Təzadlarla zəngin şəhər
Bolzano şəhəri bəlkə də Cənubi Tirolu bu qədər qeyri-adi və maraqlı edən xüsusiyyətlərin ən bariz nümunəsidir. İtaliyanın ən şimal əyalətinin paytaxtı ziddiyyətlərlə zəngindir. Şəhərin Aralıq dənizi regionuna xas hərəkətliliyi və onu əhatə edən Alp mənzərəsi hər bir qonağı öz sehrinə alır – Vassermauer xiyabanı boyunca gəzintiyə çıxaraq, Mareç qalasının palma ağacları arasından, üzümlüklərin və arxadakı qızılgül bağlarının talvarı üzərindən mənzərələri seyr edərək təbiətdən zövq ala bilərsiniz.
Alternativ olaraq, siz şəhərin tarixi mərkəzi, qədimi dükanların yerləşdiyi məşhur Laubenqas küçəsi boyunca ekskursiyaya çıxa bilərsiniz – hərdənbir qədim şəhər bazarının üstünü qara yağış buludu örtsə də, bura şəhərin ürəyi sayılır. Yalnız qışda, Advent (xristianlıqda İsa Məsihin doğulduğu günə qədərki geri sayım dövrü) mövsümü şəhəri sehr kimi öz ağuşuna alanda şimal ənənələri ön plana çıxır. Bunun səbəbi, bəlkə də, Bolzanonun 1989-cu ildə Nürnberqin milad yarmarkası ənənəsini qəbul etməsi və indi isə hər il Valter meydanında özünün getdikcə populyarlaşan yarmarkasını təşkil etməsidir.
Artıq qışdır!
Törggelen ənənəsi geridə qalanda (o, oktyabrın ortalarında başlayır və Adventin başlanmasına qədər davam edir), dağlarda yeni zövq və məmnuniyyət mövsümü başlayır. Cənubi Tirol payızda olduğu kimi qışda da bir çox şeylər təklif edir. Əgər siz soyuq mövsümü heç nə etmədən evdə keçirmək istəyirsinizsə, xoşbəxtlikdən, Cənubi Tirolun müxtəlif bölgələrində uzaq, sakit qəsəbələr mövcuddur. Bununla belə, qışda Cənubi Tirolun qarlı dağlarında aktiv tətil təşkil edənlərə daha çox rast gəlmək olar. Regionun bütün çay və axarlarının vadiləri boyunca qarlı havada müxtəlif tətil formaları təşkil etməyə imkan verən cəlbedici mənzərələr və həyəcan verici yamaclar vardır. Bir neçə əla şəraitli böyük və kiçik xizəkçilik zonası ailələri, xizəkçiləri və snoubordçuları gülərüzlə qarşılayır. İki ən böyük xizəksürmə zolağı Dolomiti Superski və Ortler Skiarenadır. Təkcə Dolomiti Superski bileti 450 dəfə funikulyorla qalxmaya və xizək yolu ilə 1200 kilometr sürüşməyə imkan verir.
Məhz burada siz qışın şıq, əyləncəli və müasir tərəfini yaşamaq imkanı əldə edirsiniz və dəniz səviyyəsindən yüksəkliyin sayəsində qardan yaz mövsümünün ortalarına qədər zövq ala bilirsiniz.
Buz və qarda fəal vaxt keçirmək: əsl qış əyləncəsi!
Cənubi Tirolun ən böyük əlaqəli xizəkçilik zonası bölgənin şərq yarısında yerləşir. Qrödnertal və Qadertal vadilərinin dağ yamaclarında geniş funikulyorlar ulduz forması əmələ gətirir, onun mərkəzi isə dağların başında yəhər kimi oturan Sella massivini formalaşdırır. Sellaronda xizəkçilik funikulyoru ilə kanatın axırına qədər gəzinti bütöv bir gün çəkə bilər və qırx kilometrlik xizək yolları isə hətta bir metr məsafəni belə iki dəfə getmədən bütün günü xizək sürməyi mümkün edir.
Yaxşı avadanlığı olan və təcrübəli xizəkçilərə məsləhətimiz budur ki, Arabbadakı Porta Veskovo kurortuna və ya Korvaradakı Piz Boe kurortuna getsinlər – bunların hər ikisi ən yaxşı xizəksürmə şəraiti təklif edir!
Dolomitlərin mərkəzində xizəksürmədən həzz almaq
Bir qış idmanı regionunu digərindən üstün tutmaq məsələsinə gəlincə, Cənubi Tirol sakinləri hər dəfə istədikləri qədər seçimə malik olsalar da, ilk olaraq ağıla Arntal, Val Qardena, Furkel aşırımı və Seksten bulağı gəlir. Furkel aşırımı Dolomitlərin mərkəzində, təxminən 1800 metr yüksəklikdə yerləşən dağ keçididir. Bu aşırım xizəksürmədən sonra fantastik əyləncə və sosial fəaliyyətlərin təşkil olunduğu bir nömrəli xizəkçilik məkanı olan Kronplats xizəkçilik kurortunu kəsib keçir. Burada kənd həyatına xas qonaq otaqları olan 40 ədəd İsveçrə tipli kottec, dəbə uyğun barlar və böyük terraslar vardır.
Ailəyə uyğun iki kiçik xizəkçilik zonası isə Tauferer Arntalda yerləşir. Onlar iddialı səslənməyə bilər, lakin günəş işığına bürünmüş gözəl yaylaya nəzər saldıqda onun genişliyini qiymətləndirməmək olmaz.
Qışdan sakit və rahat şəraitdə zövq almaq
Xizək sürmək planınıza daxil deyilsə, Cənubi Tirol bir çox digər qış fəaliyyətləri təklif edə bilər. Bölgə onun bütün ərazisi boyunca uzanan xizək cığırları, toboqqan yolları, kirşə yolları, eləcə də donmuş təbii göllər və ucqar meşələr və zirvələrlə doludur. Bu isə təbiətsevərləri piyada qar gəzintisinə və ya xizək yollarından kənarda xizəksürməyə cəlb edir. Hətta kiçik qış idmanı zonaları da geniş spektrli qış fəaliyyətləri təklif edir. Bunu da qeyd etmək lazımdır ki, şəhərlərin yaxınlığında az sayda kiçik, lakin yüksək keyfiyyətli qış idmanı mərkəzləri vardır ki, bu da sağlam açıq hava idmanı və dağ səyahətinə əlavə olaraq tətilinizə teatr, konsert, kino, muzey və sərgilərə getmək kimi mədəni fəaliyyətləri də daxil etməyə imkan verir. “Meran 2000” və “Şvemalm” qış idmanı zonası Meranın yaxınlığında yerləşir, Sarntaldakı Reynsvald kurortu isə Bolzanodan avtomobillə yarım saatlıq məsafədə yerləşir. Bütün bunlar Cənubi Tirolu hətta və xüsusilə qışda fantastik tətil məkanına çevirir!
Cənubi Tirolda tətil keçirmək üçün rezervasiyanızı elə indicə bizim qlütensiz səyahətlər üçün yaradılmış səyahət portalımızda – Qlütensiz Tətillər portalında həyata keçirin!