Schär-ın tarixçəsi
Bütün məhsullar Çölyak xəstəliyi haqqında
Schär-ın tarixçəsi
Hər şey Cənubi Tirol vilayətinin Meran şəhərində yerləşən kiçik əczaçılıq və sağlam qida şirkəti ilə başladı. Ulrix Ladurnerin valideynləri “A. Ladurner Əczaxanası”nı işlədirdilər. Avstriyada və Almaniyada öz təhsilin başa vurub praktiki təcrübə əldə edəndən sonra, Ulrix Ladurner öz valideynlərinin şirkətinə qoşuldu.
Onun biznesdən yaxşı baş çıxarmağı özünü elə ilk vaxtlardan büruzə verdi – 23 yaşındakı kiçik menecer bütün şirkətə rəhbərliyi ələ aldı və tez bir vaxtda onun dövriyyəsini ikiqat artırdı.
Ulrix Ladurner qida məhsullarına xüsusi maraq göstərirdi. O, bazarda artıq mövcud olan və İnsbruklu həkim Doktor Anton Schär-ın istehsal etdiyi qlütensiz məhsulları satmağa başladı. Bu həkim 1922-ci ildən uşaqlar üçün hazırlanan sağlam qidalar üzrə ixtisaslaşmışdı və bir qayda olaraq həzm problemləri olan xəstələr üçün tövsiyə edilən düyü kremi kimi qlütensiz məhsulları erkən vaxtlarda öz məhsul çeşidlərinə əlavə etmişdi.
1979-cu ildə Ladurner “Doktor Schär” brendinə sahibliyi ələ aldı. O, bir əczaçı kimi daim öz müştəriləri ilə birbaşa əlaqədə olurdu və bilirdi ki, “həmin vaxt çölyak patologiyası olan xəstələr üçün həqiqətən münasib olan ərzaq məhsulları yox idi”. Həmin vaxtdan başlayaraq, “Schär” brendi qlütensiz ərzaq məhsulları üzrə ixtisaslaşmağa başladı və 1981-ci ildə bu yeni fəaliyyət istiqaməti ilə bazara yenidən təqdim olundu.
Qida inqilabı
Otuz il bundan əvvəl çölyak xəstəliyi barədə məlumatlılıq bu günlə müqayisədə aşağı səviyyədə idi. Qida dözümsüzlüyü mövzusu yalnız tədricən aktuallaşmağa başladı. Analoji olaraq, qlütensiz reseptlərin hazırlanmasına maraq və ehtiyac da yavaş-yavaş artırdı.
Təxmini hesablamalara görə hər 100 insandan biri çölyak xəstəliyindən əziyyət çəkir. Hələ ki, bu avtoimmun xəstəliyinin yeganə müalicəsi qlütensiz pəhrizə riayət etməkdir. Otuz il bundan əvvəl çölyak xəstəliyi olan insanların əsasən düyü, qarğıdalı və ya kartofdan istifadə etməklə sadə resept əsasında hazırlanan yeməklərlə qidalandığı bir vaxtda, “Schär” ilk qlütensiz məhsulları, məs. müxtəlif növ peçenyelər və qlütensiz un satmağa başladı.
Bu, çölyak xəstələri üçün bir inqilab idi. Nəhayət ki, kimsə məhz onlara lazım olan şeyləri – çölyak xəstəliyi olan insanların ehtiyaclarına cavab verən, qidalanma sahəsində elmi araşdırmalara əsaslanan məhsulları təqdim edirdi. “Schär” bu funksiyasını özünün “Biz sizin qeydinizə qalırıq” şüarı ilə, habelə dad, ətir, görünüş və konsistensiya baxımından populyar və ənənəvi yeməklərə çox yaxın olan və müasir həyat tərzinin tələblərini təmin etmək üçün uyğunlaşdırılmış qida məhsulları (məs. sağlam, yaxşı balanslaşdırılmış, hazır məhsullar) ilə vurğulamaq istəyir.
Müştərilər üçün qaynar xətt
Gənc şirkət olaraq, “Schär” öz müştəri ilə fərdi şəkildə əlaqə saxlamalı olurdu. Şirkət həkimlərlə, diyetoloqlarla və çölyak cəmiyyətləri ilə əlaqə saxlayırdı: Ulrix Ladurner özünün pərakəndə satış işini həyat yoldaşına təhvil verib diqqətini qlütensiz məhsulların satışı üzərində cəmləşdirdi.
Şirkət daxilində istehsal olunan məhsulların ilk topdan çatdırılması İtaliyada yerləşən 50 əczaxanaya həyata keçirildi – burada Savoiardi peçenyeləri olduqca bəyənildi. Bu ilk uğur şirkətin düzgün istiqamət seçdiyini təsdiqlədi. İlk gündən şirkətin fəlsəfəsi bundan ibarət idi ki, məhsul seçimi ilə bağlı qərarlar həmişə çölyak xəstəliyi olan müştərilərin ehtiyac və istəklərinə uyğun olmalıdır. Bu “uğur resepti” bu gün də aktualdır. İtaliya bazarı üçün qlütensiz Savoiardi peçenyelərinin hazırlanmasının əhəmiyyəti bu gün də “Schär”-ın digər məhsullarının (məs. Almaniyada yağlı peçenye və ya İspaniyada Maqdalenas keksləri) hazırlanmasında öz əksini tapır. Bu gün də “Schär”-ın özünəməxsus cəhəti onun ayrı-ayrı ölkələrin bazar ehtiyaclarını müəyyən etmək və daim öz müştəriləri ilə dialoqda olmaq metodudur. Şirkət tərəfindən məhsul sınaqları həyata keçirilir ki, burada da “Schär”-ın müştəriləri peşəkar dequstator jürisinin tərkibinə daxil olur. Bu sınaqlar zamanı yeni hazırlanan məhsullar “bazara çıxarılmağa hazır” hesab edilməzdən əvvəl sınaqdan keçirilir. Şirkət həmçinin öz internet saytında (www.schaer.com) forumlar təşkil etmişdir ki, burada da 148 ölkəni təmsil edən 70 minə yaxın insan mövcud olan yaxud arzu olunan məhsulları və dünyanın hər bir guşəsindən səyahət təəssüratlarını fəal şəkildə müzakirə edir və əlbəttə ki, “Schär”-ın virtual şef aşpazı Oskarın ciddi nəzarəti altında resept mübadiləsi aparırlar. Oskar qlütensiz qidalar üzrə şübhəsiz ki, dünyanın ən böyük resept bazalarından birini idarə edir.
Şirkətdaxili tədqiqat
Müştərilərin tələblərinə cavab verə bilmək məqsədilə, gənc şirkət çox erkən vaxtlarda özünün məhsul inkişafı şöbəsini təsis etdi. İlk öncə ambisiyalı un məmulatları ustası, daha sonra isə qida texnoloqları öz vaxtlarını “Schär”-ın məhsul çeşidlərini genişləndirməyə və təkmilləşdirməyə həsr etdilər. Diyetoloq ekspertlərlə sıx əməkdaşlıq lazımi bilik və təcrübənin ən əvvəldən mövcud olmasını təmin etdi. Artan tələbata (“Schär” məhsulları Avropa bazarını fəth etməkdə idi), habelə bilik və təcrübə səviyyəsinə cavab olaraq, şirkət 2003-cü ildə Triest şəhərində şirkətdaxili tədqiqat laboratoriyası yaratmaq barədə vacib qərar qəbul etdi.
Qlütensiz qidalanma üzrə bilik və təcrübə mərkəzi
Çölyak xəstəliyi barədə təcrübə mübadiləsini və tələbləri əlaqələndirmək və öz bilik və təcrübəsini daha da artırmaq məqsədlə, “Schär” bu yaxınlarda beynəlxalq elmi komitə təsis etmişdir. Həkimlər, qastroenteroloqlar və diyetoloq ekspertlər çölyak patologiyasını kompleks yanaşma əsasında araşdırır və diaqnoz edilməmiş xəstəlik hadisələrinin sayının azaldılması məqsədilə qlüten dözümsüzlüyünün dəyişən simptomları və diaqnoz üçün patologiya haqqında məlumatlılığın artırılması ilə bağlı məsləhət və məlumat mübadiləsi aparırlar.
Sahə həkimləri, diyetoloqlar və başqaları arasında çölyak barədə məlumatlılıq səviyyəsini artırmaq məqsədilə, ekspertlər əldə etdikləri nəticələri mühazirə və elmi jurnallarda müzakirə edir və qlütendən imtinanın əhatə dairəsini genişləndirməyə kömək edirlər.
Qlobal şəbəkə
Məhsullara xaricdən marağın olması səbəbindən, “Schär” 2007-ci ildə ABŞ-a məhsul təchizatına başladı və Glutafin və Trufree brendlərinə sahibliyi ələ aldı – bununla da, “Schär” USA Inc. filialı yarandı. 2012-ci ildə, “Schär” Nyu-Cersi ştatının Suidsboro şəhərində Şimali Amerikanın böyüməkdə olan bazarına xidmət göstərən un məmulatları müəssisəsi tikmək üçün 12 milyon dollardan artıq sərmayə yatırmaqla ABŞ-da öz yerini rəsmən möhkəmləndirdi. Hazırda davamlı şəkildə böyüməyə israrlı olan şirkət 80-dən artıq ölkədə öz uğurlarını davam etdirir və dünya üzrə 1000-dən artıq işçiyə malikdir.
“Schär” ABŞ-da ən sürətli inkişaf edən qlütensiz brendlərdən biri olub sürətlə yeni kanallar vasitəsilə genişlənməyə davam edir.