
Qlütensiz yeməklərin hazırlanması üçün mətbəxdə öz işini necə qurmalı?
Bütün məhsullar Çölyak xəstəliyi haqqında
Un hər küncə-bucağa yayılır.
Un və ya tərkibində qlüten olan digər məhsulların qırıntıları mətbəx dolablarının və siyirmələrin künclərində gizlənməyi sevir və mətbəxdəki elektrik avadanlıqlarının içərisinə və ya səthinə bulaşır. Xüsusilə əgər ailənin digər üzvləri “normal” qidalanırsa bulaşma riskləri düzgün qiymətləndirilməlidir. Buna görə də mətbəxin ilk növbədə dibdən küncdən təmizlənməsi məsləhət görülür. Bu aydın məsələdir. Bəs sonra?
Əgər siz də çölyak xəstəliyi, qlütenə/buğdaya qarşı həssaslıq və ya buğdaya qarşı allergiyadan əziyyət çəkirsinizsə aşağıdakı tövsiyələr sizə mətbəxinizi qlütendən uzaq tutmaq üçün işinizi necə qurmalı olduğunuzla bağlı kömək edəcək.
- Səthlərin təmizliyinə diqqət yetirin
Qlütensiz qidaları yalnız təmiz səthlərə və ya mətbəx masalarına yerləşdirin. Mətbəx alətləri (qaşıq, süzgəc və s.) istifadə olunmazdan öncə yaxşıca təmizlənməlidir. Bişirmə listlərinin və bişirmə qablarının üzərinə sərilmiş soba kağızları bulaşmanın qarşısını alır. Səthi zədələnmiş və ya cızılmış mətbəx masaları və ya alətləri dərhal dəyişdirilməlidir; onları dərindən qaşıdıqdan sonra belə “bulaşmış” ola bilərlər. Dəsmal, süngər və salfetlər də eyni şəkildə qlütendən uzaq olmalıdır. Buna görə də, onları müntəzəm olaraq dəyişdirmək və yumaq lazımdır. - Ümumi istifadə edilən qablarda qlütenli çörək qırıntıları olmamalıdır
Məsələn, səhər yeməyini nümunə olaraq götürək: Tərkibində qlüten olan qırıntılar mürəbbə, bal və ya fındıq əzməsini çörəyin üzərinə yaxmaq üçün istifadə olunan qaşıq və ya bıçaq vasitəsilə asanlıqla yayıla bilər. Ailə içində və ya dostlar arasında eyni qablardan qida məhsulları götürdüyümüz üçün öz çəngəl-bıçaq dəstimizdən istifadə etmək məsləhət görülür.
- Mətbəx dolablarınızı və soyuducunuzu yenidən qurun
Öz “qlütensiz guşənizi” yaratmaqla tərkibində qlüten olan məhsulları qlütensiz məhsullardan ciddi şəkildə ayırmalısınız. Bunun üçün siz, çörək, peçenye, un və digər şirniyyat inqrediyentləri üçün ayrıca etikenlənmiş saxlama qablarından istifadə edə bilərsiniz. Onlar tərkibində qlüten olan digər məhsullardan ayrı saxlanılmalıdır.
Soyuducuda da eyni şəkildə ayrıca yağ qabının olması səhər yeməyi də daxil olmaqla heç bir halda səhvə yol verməməyinizə kömək edəcəkdir.
- Öz şəxsi mətbəx alətlərindən istifadə etmək
Öz qlütensiz yeməklərinizi hazırlamağınız üçün ayrıca və düzgün işarə edilmiş (rəng kodu vasitəsilə) mətbəx alətlərindən istifadə etməlisiniz. Öz qlütensiz tosterinizdən və çörək qabınızdan istifadə edin; mümkün olduqda toster üçün təkrar istifadə edilən paketlərdən (toaster-bags) yararlanın; onlar səyahət üçün də çox əlverişlidir. Bundan əlavə, mikser, doğrama taxtaları, çırpma aləti, habelə qaşıqlar, bıçaqlar, çömçə, fırça və ya xüsusi un məmulatları üçün oxlova sahib olmaq məqsədəuyğun hesab edilir. Material seçimində də diqqətli olmaq lazımdır: taxta alətlərdə qlüten asanlıqla sıxışıb qalır, bu səbəbdən də onları yaxşı təmizlənən silikon və ya paslanmayan polad materiallarla əvəz etmək tövsiyə edilir.
- Yemək bişirmək, qızartmaq, şirniyyat hazırlamaq
Əsas qaydalar bunlardır: Üstünlük hər zaman qlütensiz qidalara verilməlidir, ilk olaraq qlütensiz qidalar hazırlanmalı və bişirilməlidir. Eyni anda ailənizin digər üzvləri üçün qlüten tərkibli yeməklər bişirirsinizsə, bunun üçün ayrıca qazanlardan və qarışdırmaq üçün ayrı qaşıqlardan istifadə etmək tövsiyə edilir. Kartof məmulatlarını, xəmir yeməklərini, meyvə və ya tərəvəzləri qızardarkən həm qlütensiz, həm də tərkibində qlüten olan qida məhsulları üçün eyni qızartma yağından istifadə etmək olmaz. Tavada qızardılmalı olan məhsullar üçün də iki ayrı tavadan istifadə etmək lazımdır. Qab qurudan üçün də eyni qayda keçərlidir: hər zaman ilk olaraq qlütensiz məhsullara yer verilməlidir!
Bişirmə sobasında qlütensiz məhsullar tərkibində qlüten olan məhsulların üstündə, yəni ən üst gözdə yerləşdirilməlidir. Və yaxud da qlütensiz qida məhsullarını alüminium və ya yağ keçirməz kağız ilə mühafizə etmək lazımdır.
Lakin qlütensiz yeməklərin və inqrediyentlərin əksəriyyətinin hər kəs üçün faydalı olması səbəbindən bütün ailə üçün qlütensiz yeməklər hazırlamaqla vaxt qazanmaq mümkündür.
Mətbəxdə gigiyena ilə bağlı tövsiyələr
Əhəmiyyətli bir tövsiyə: əllərinizi müntəzəm olaraq yuyun! Una bulaşmış əllərlə və ya təmizlənməmiş mətbəx alətləri ilə qlütensiz qidalara toxunmayın. Eyni zamanda yuyulmamış və ya çiy qida məhsullarını hazır yeməklərdən və eləcə də çirkli alətləri təmizlərindən ayırmaq vacibdir. Çiy qida məhsulları, xüsusilə də ət üçün xüsusi boşqablar və çəngəllər istifadə olunmalıdır; tərəvəzləri və kahını yumaq üçün də hər zaman təmiz alətlərdən istifadə etmək lazımdır. Mətbəxdə istifadə edilən dəsmallar, süngərlər, fırçalar və salfetlər hər zaman isti su ilə yuyulmalı, quru yerdə saxlanılmalı və müntəzəm olaraq yenilənməlidir.