FODMAP nədir?

Bütün məhsullar Çölyak xəstəliyi haqqında

FODMAP nədir? Qıcıqlanmış bağırsaq sindromu haqqında mütəmadi olaraq eşidirik: Belə ki, dünya əhalisinin təxminən 10-20 faizi (1) qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkir. FODMAP pəhrizlə bu sindromun rastgəlmə sıxlığı azaldıla bilər.

FODMAP dedikdə, ishal, köp, qarın nahiyəsində ağrı və digər oxşar əlamətlərə səbəb ola biləcək müəyyən karbohidrat birləşmələri nəzərdə tutulur. Abbreviatura bu cür açıqlanır:

fermentləşdirilə bilən

oliqosaxaridlər

disaxaridlər

monosaxaridlər və

poliol (çoxatomlu spirtlər).

Həmçinin buğda və ya buğda ununun tərkibində mövcud olan fruktanlar da FODMAP-lara aid edilir. FODMAP-lar buğda, çovdar, paxlalı bitkilər, müxtəlif meyvə və tərəvəz növləri, süd, qatıq, bal, həmçinin şəkərsiz nanəli konfetlər də daxil olmaqla, bir sıra qida məhsullarının tərkibində rast gəlinir.

Müvafiq olaraq qida məhsullarında mövcud olan FODMAP miqdarı barədə ətraflı məlumatı “Qıcıqlanmış bağırsaq sindromu – Müalicəvi qidalanma” bukletindən əldə edə bilərsiniz.

FODMAP-lar qıcıqlanmış bağırsaq sindromunu necə yaradır?

FODMAP-ların bağırsaqlara təsiri böyükdür. Belə ki, sağlam insanda qida həzm sistemindən keçərək müxtəlif həzm şirələri ilə qarışır və nəticədə hissələrə parçalanır. Daha sonra qidalı maddələr orqanizm tərəfindən sorulur, tullantı məhsulları isə nəcislə kənarlaşdırılır.

Lakin bəzi FODMAP-lar daha çətin parçalana və bağırsaqları həssas olan insanlarda diskomfort yarada bilir. FODMAP-lar nazik bağırsağa çatdıqda orada qalaraq suyu özlərinə birləşdirirlər ki, bu da suyun bağırsaq vasitəsilə orqanizmdən çıxarılmasına və nəticədə ishala səbəb olur. Əgər FODMAP-lar nazik bağırsaqda yaxşı sorulmadan yoğun bağırsağa keçərsə, bakteriyalar tərəfindən fermentasiyaya məruz qalar (qıcqırma prosesi) ki, bu da qaz əmələ gəlmə prosesi ilə nəticələnər və yaranmış qazlar köp və qarın ağrılarına səbəb olar.

Az FODMAP-lı pəhriz kömək edə bilər

Öz həkim-terapevtiniz və ya qida ekspertinizlə FODMAP qəbulunu müəyyən müddət ərzində məhdudlaşdırmalı olub-olmadığınızı müzakirə edə bilərsiniz. Bu, qıcıqlanmış bağırsaq sindromu zamanı müsbət nəticələr verdiyindən (3), bəzi ölkələrdə az FODMAP -lı qidalanma, başqa sözlə az FODMAP-lı pəhriz müalicə kimi qəbul edilmişdir. Araşdırmalar göstərir ki, qıcıqlanmış bağırsaq sindromu olan xəstələrdə simptomlar az FODMAP-lı pəhriz vasitəsi ilə 70%-ə qədər aradan qaldırıla bilir (4). Az FODMAP-lı pəhriz ərzaq seçimini xeyli məhdudlaşdırdığından siz qida üzrə ekspertlə məsləhətləşməlisiniz. Belə ki, ekspert sizin yenə də yaxşı qidalanmağınız və qida çatışmazlığından (defisit) əziyyət çəkməməyinizi təmin edəcəkdir. Həmçinin tövsiyə edirik ki, az FODMAP-lı pəhrizlə qidalanmanı müəyyən müddət ərzində həyata keçirəsiniz və daha sonra imtina etdiyiniz ərzaqları addım-addım yenidən qəbul edəsiniz. Bu şəkildə hər hansı simptoma səbəb olan ərzağın və onun müvafiq miqdarının qəbulu zamanı yarandığını daha yaxşı müəyyən edə bilərsiniz. Qeyd edək ki, heç də qlütensiz bütün məhsullar az FODMAP-lı pəhrizdə istifadə edilmir.

“Schär” Monaş Universiteti tərəfindən az FODMAP-lı məhsul kimi sınaqdan keçirilmiş və sertifikatlaşdırılmış bir sıra ərzaqlar təqdim edir. Az FODMAP-lı məhsullardan istifadə olunaraq hazırlanan dadlı reseptləri burada tapa bilərsiniz.

            Mənbələr:

  1. Enck, P. et al. (2016) Irritable bowel syndrome (Qıcıqlanmış bağırsaq sindromu). Nat. Rev. Dis. Primers
  2. Althaus, A et al. (2016) Gastroenterologie (Qastroenterologiya). [Rome III Criterien]
  3. Gibson PR (2017) Evidence for the low FODMAP dietin IBS (Qıcıqlanmış bağırsaq sindromunda az FODMAP-lı pəhrizin effektivliyinin sübutu). Elsevier
  4. Halmos, E.P. et al.: A diet low in FODMAPs reduces symptoms of irritable bowel syndrome (Az FODMAP-lı pəhriz qıcıqlanmış bağırsaq sindromu simptomlarını azaldır).