
Çölyak xəstəliyindən əziyyət çəkən şəxs qlüten qəbul etdikdə nə etməli
Bütün məhsullar Çölyak xəstəliyi haqqında
Sizin və ya yaxud çölyak xəstəliyindən əziyyət çəkən tanışlarınızın səhvən qlüten qəbul etdikdə nə etməli olduğunu növbəti məqalədən öyrənə bilərsiniz.
Çölyak xəstəliyindən əziyyət çəkən şəxs qlüten qəbul etdikdə nə etməli?
Təqribən hər 133 amerikalıdan biri çölyak xəstəliyindən əziyyət çəkir ki, bu da ümumi əhalinin təxminən 1%-ni təşkil edir. Bu qulağa az gələ bilər, lakin sarsıdıcı həqiqət budur ki, yalnız son əlli ildə çölyak xəstəliyindən əziyyət çəkənlərin sayı 4 qat artmışdır.
Çölyak xəstəliyi yediyiniz qidalarda olan qidalandırıcı maddələrin bədəniniz tərəfindən sorulma qabiliyyətini azaldan və qlüten tərkibli qidaların qəbul edilməsi zamanı yaranan autoimmun xəstəlikdir. Hal-hazırda autoimmun xəstəliklərinin müalicəsi mövcud deyil. Həzm sistemini daha çox zərərli təsirə məruz qoymamağın yeganə yolu özünü tamamilə qlütendən təcrid etməkdir.
Çölyak xəstəliyi və ya qlütenə qarşı həssaslığı olmayan insanlar nə yedikləri barədə çox düşünmək məcburiyyətində deyillər. Onlar mağaza rəflərindən istənilən bir məhsulu götürüb üzərinə baxmadan öz səbətlərinə ata bilərlər. Lakin Çölyak xəstəliyi olan şəxs üçün isə ərzaq alış-verişi böyük bir başağrısı ola bilər. Onlar kənar yerdə yemək yeyərkən də çox diqqətli olmalıdırlar, çünki hətta qlüten tərkibli qidalarla təmasda olmuş qlütensiz qidalar belə çarpaz çirklənmiş hesab edilir və onlar müəyyən problemlərə səbəb ola bilərlər.
Qlütenin səhvən qəbul edilməsi ciddi reaksiyalara və bəzi xoşagəlməz simptomlara səbəb ola bilər. Belə ki, səhvən qlüten qəbul etsəniz nə edərdiniz? Bunu öyrənmək üçün oxumağa davam edin.
Qlüten qəbul etdikdə nə baş verir?
Qlüten buğda, arpa və çovdar daxil olmaqla müəyyən taxıllarda rast gəlinən zülal növüdür. KİV sizi başqa düşüncələrə inandırsa da, qlüten sizin sağlamlığınız üçün çox təhlükəli və ya zərərli deyil – Əgər Çölyak xəstəliyiniz yoxdursa!
Çölyak xəstəliyindən əziyyət çəkdiyiniz təqdirdə qlüten qəbulu bağırsaqların selikli qişasının zədələnməsinə gətirib çıxaran immunitet reaksiyasına səbəb olur. Qlütenin ən kiçik hissəsi belə ciddi reaksiyaya və sağalması aylar çəkən bağırsaq zədələnməsinə səbəb ola bilər. Reaksiya qlüten qəbulundan dərhal sonra başlayır. Bəs bədəninizdə tam olaraq nə baş verir?
Çölyak xəstələrinin qlütenə qarşı göstərdikləri mənfi reaksiyanın arxasındakı əsl mexanizm qliadin adlı zülaldır. Qliadinin dörd müxtəlif növü var ki, bunlardan ikisi, xüsusilə çölyak xəstəliyi ilə əlaqələndirilir. Autoimmun reaksiyasına qliadinin tərkibində rast gəlinən xüsusi amin turşuları səbəb olur.
Çölyak xəstəliyi olan şəxs qlüten qəbul etdikdə immunitet sistemi qliadini yad cisim kimi tanıyır və ona qarşı mübarizə aparmaq üçün anticisimlər yaratmağa başlayır. Təəssüf ki, bu prosesdə sağlam hüceyrələr, xüsusilə də nazik bağırsağın səthindəki xovlar zədələnir. Xovlar nazik bağırsaqdan keçən qida maddələrindən qidalandırıcıların sorulduğu səth sahəsini artıran kiçik barmağabənzər çıxıntılardır. Autoimmun fəaliyyət nəticəsində xovların zədələnməsi zamanı bu funksiya pozulur.
Diaqnozu qoyulmamış çölyak xəstəliyi ilə əlaqələndirilən bəzi uzunmüddətli simptomlara təkan verən məhz xovlara dəyən ziyan və bundan qaynaqlanan qidalandırıcıların malabsorbsiyasıdır. Bu simptomlara yorğunluq, sümük və ya oynaq ağrıları, qan azlığı, periferik nevropatiya, depressiya və ya həyəcanı daxil etmək olar.
Səhvən qlüten qəbul etdikdə hansı addımlar atılmalı?
Səhvən qlüten qəbul etdiyinizi anladığınızda ən qısa müddətdə sağalmaq məqsədilə müalicə prosesinə dərhal başlamaq üçün atmalı olduğunuz müəyyən addımlar var.
- Çoxlu su için. Bədəninizin maye qəbul etməsi çox önəmlidir, xüsusilə əgər ishal yaşayırsınızsa, əlavə mayelər həzm sisteminizin yuyulmasına kömək edəcəkdir. Müntəzəm olaraq su içməklə yanaşı kokos suyu və ya elektrolit üçün bulyon içə bilərsiniz.
- İstirahət edin. Bədəninizin sağalmaq üçün vaxta ehtiyacı olacaq, buna görə də bol-bol istirahət etməyə çalışın. Fiziki əks təsirlər müşahidə edərkən işə və ya məktəbə getməyə davam etsəniz, özünüz üçün hər şeyi daha da pisləşdirə bilərsiniz. Əgər siz tam istirahət edə bilmirsinizsə, ən azından daha az işləməyə səy göstərin.
- Aktivləşdirilmiş kömür qəbul edin. Çoxlu qaz və şişkinlik hiss edirsinizsə, aktivləşdirilmiş kömür sizə kömək edə bilər. Aktivləşdirilmiş kömür toksinlərə yapışaraq qaz və şişkinliyin aradan qaldırılmasına kömək edir – sadəcə qəbizliyin qarşısını almaq üçün daha çox su qəbul etdiyinizdən əmin olun.
- Bağırsaqlarınızı sağaldın. Probiotiklərin qəbulu bağırsaqlardakı sağlam bakteriya balansını bərpa etməyə kömək edəcəkdir. L-qlütamin bağırsaq mikroflorasının bərpası üçün faydalı olan amin turşusudur. Siz, həmçinin omeqa-3 yağ turşuları, zəncəfil və sarıkök kimi iltihabəleyhinə əlavələr də qəbul edə bilərsiniz.
Bir neçə gün bu addımları təkrarladıqda özünüzü daha yaxşı hiss etməyə başlayacaqsınız. Buna baxmayaraq, sadəcə yüngül müayinə üçün həkimizin qəbuluna yazılmaq yaxşı fikirdir. Siz, həmçinin həyəcan və depressiya kimi zehni təsirlərin azaldılması üçün bir neçə gündən sonra bəzi yüngül idman hərəkətləri də əlavə edə bilərsiniz.
Gələcəkdə qlütendən necə uzaq durmalı?
Əgər siz bir müddət çölyak xəstəliyindən əziyyət çəkmisinizsə, qlütendən necə uzaq durmalı olduğunuzu bilirsiniz. Lakin qlütenin səhvən qəbulu əslində lazımi qədər diqqət etmədiyinizə dəlalət edə bilər.
Beləliklə, gələcəkdə qlütenin növbəti dəfə səhvən qəbulunun qarşısını almaq üçün nə etməlisiniz? Aşağıda dərhal tətbiq etməyə başlamağınız üçün bəzi sadə addımlar qeyd edilmişdir, əgər hələ başlamamısınızsa:
- Ərzaq məhsullarının etiketlərini hər zaman yoxlayın. İlk növbədə, “qlütensiz” etiketini axtarın. ABŞ-ın Qida və Dərman Administrasiyası hər bir milyon qlütenə 20 hissədən az olan paketlənmiş qida məhsullarına müvafiq etiketin vurulmasına icazə verdiyi üçün bu etiket altındakı istənilən məhsul təhlükəsiz hesab edilir. Etiketdə nəyə diqqət etməli olduğuzu başa düşməyiniz üçün buraya nəzər sala bilərsiniz.
- Qlütensiz mətbəxə sahib olun. Evdə çarpaz çirklənmənin qarşısını almaq üçün ayrı mətbəx alətləri və qab-qacağa sahib olmalısınız.
- Hər şeyi etiketləyin. Əgər ailə üzvlərinizdən biri qlütensiz pəhrizə riayət etmirsə, onların nəyə toxunmalı olduqlarını bilmələri üçün hər şeyi etiketləyin. Tosterlər, doğrama lövhələri, qazanlar/tavalar və digər mətbəx əşyaları hər zaman ayrı saxlanılmalıdır.
- Proaktiv olun. Evdən kənarda yemək yeməyə gedərkən qlütensiz çeşidlər təklif edən və çarpaz çirklənməyə qarşı tədbirlər həyata keçirən restoranın seçilməsi ilə bağlı əvvəlcədən plan qurun.
- Açıq danışın. Qlütensiz çeşidlər təklif edən restoranın tapılması ilə yanaşı, masa qulluqçusu və restoran administratoru ilə çarpaz çirklənmənin qarşısının necə alınması barədə danışın.
Çölyak xəstəliyi ilə yaşamaq asan bir şey deyil, lakin qlütensiz pəhriz gözləməklə siz zədələnmiş bağırsaqlarınızı bərpa edə bilər və simptomlardan xilas ola bilərsiniz. Hər zaman səhvən qlüten qəbul etmək ehtimalı olsa da, siz özünüzü daha çox məlumatlandırmaqla və daha diqqətcil davranmaqla bu riski minimumadək azalda bilərsiniz.