Schär | glutenfree Products - Çölyak xəstəliyi və qlütenə qarşı dözümsüzlük: Çölyak xəstəliyi ilə qlütenə qarşı dözümsüzlük arasında fərq varmı?

Çölyak xəstəliyi və qlütenə qarşı dözümsüzlük: Çölyak xəstəliyi ilə qlütenə qarşı dözümsüzlük arasında fərq varmı?

Bütün məhsullar Çölyak xəstəliyi haqqında

Çölyak xəstəliyi, çölyakla bağlı olmayan qlüten həssaslığı və buğda allergiyası qlütenin təsirindən yaranan patologiyalardır. Simptomlarına görə bir-birinə oxşar olsalar da, müalicə baxımından aralarında aşkar fərqlər vardır. Bu barədə daha ətraflı məlumat üçün məqalənin davamını oxuyun.

Son zamanlar qlütensiz pəhriz çox geniş yayılsa da, bir çox insanlar hələ də qlütensiz qidalanmaya keçməyin nə demək olduğunu və buna nə üçün ehtiyac olduğunu tam anlamır.

Qlüten – buğda, arpa və çovdar da daxil olmaqla, müəyyən dənli bitkilərin tərkibində rast gəlinən zülal növüdür. O, reseptlərdə taxıl əsaslı inqrediyentlərin birləşdirilməsində rol oynayır və çörəyə süngərşəkilli görüntü verir. Əslində, həqiqət ondan ibarətdir ki, qlütensiz pəhriz, bir çoxlarının fikirləşdiyi kimi, heç də çəki itirilməsi üçün nəzərdə tutulmamışdır. Bu, çölyak xəstəliyi, qlütenə qarşı dözümsüzlük, qlüten həssaslığı və ya buğda allergiyası olan insanlar üçün ciddi və uzunmüddətli qidalanma planı olaraq istifadə edildiyində daha faydalı olur.

Bu məqalədə belə xüsusi hallar arasındakı fərqi, eləcə də onların simptomlarını nəzərdən keçirərək, bu halları müqayisə edəcək və qlütensiz pəhriz saxlamaq üçün əslində nə etmək lazım olduğunu qısa olaraq öyrənəcəyik.

Çölyak xəstəliyi nədir?

Çikaqo Universitetinin Çölyak Xəstəlikləri Mərkəzinin məlumatına görə, çölyak xəstəliyi ABŞ-da hər 133 adamdan təxminən bir nəfərə təsir edir. İrsi autoimmun pozğunluğu olan bu hal nazik bağırsağın həzm prosesinə təsir göstərir. Bu xəstəliyə tutulan insan tərkibində qlüten olan qida qəbul etdikdə, immun sistemi qlütenə qarşı hücum etməyə başlayır və səhvən prosesdə nazik bağırsağı örtən sağlam hüceyrələrə zərər verir.

Vaxt keçdikcə çölyak xəstəliyi ilə əlaqəli olan autoimmun fəaliyyət bağırsağın qidadan qida maddələrini udmaq qabiliyyətinə maneə törədir ki, bu da bir çox simptomlara, o cümlədən xroniki yorğunluq, koqnitiv disfunksiya, sümük və ya oynaq ağrısı, əllərdə və ya ayaqlarda arabir ağrıya, hətta depressiya və ya narahatlığa səbəb ola bilər. Çölyak xəstəliyi olan insan qlüten qəbul etməyə davam etdiyi müddətdə həzm sistemi mənfi təsirlərə məruz qalacaqdır ki, bu zaman ömürlük qlütensiz pəhrizlə qidalanma patologiyanın yeganə effektiv müalicəsidir.

Buğda allergiyası nədir?

Qlüten buğdanın içərisində olan yüzlərlə zülaldan yalnız biridir. Buğda allergiyası bu zülalların istənilən birinə qarşı immun reaksiyasıdır. Buğda allergiyası olan insan buğda qəbul etdikdə, B hüceyrələri adlı ağ qan hüceyrələri qrupu buğda molekullarına yad cisim kimi hücum edən immunoqlobulin E (IgE) anticisimlər yaratmağa başlayır. Bu zaman bədəndə olan digər toxumalar bədənin qalan hissəsini təhlükə barədə xəbərdar edən kimyəvi “xəbərçi”lər göndərir. Bu reaksiyanın başvermə sürəti yad cisim qəbulundan sonra bir neçə dəqiqədən bir neçə saata qədər dəyişə və ürəkbulanma, qaşınma, qarın nahiyəsində ağrı, dodaqların və ya dilin şişməsi, nəfəsalmada çətinlik və anafilaksiya kimi müxtəlif simptomlarla müşayiət edilə bilər.

Buğda allergiyası olan insan buğdanın istənilən növünün qəbulundan çəkinməlidir – bu, buğda allergiyaları üzrə məlum olan yeganə müalicə üsuludur. Lakin onlar arpa və ya çovdar kimi buğda olmayan mənbələrdən qlüten qəbul edə bilər. İstənilən insanda buğda allergiyası, çölyak xəstəliyi və ya qlüten həssaslığının olması  mümkündür, odur ki, buğda allergiyası diaqnozu qoyulmuşdursa, əlavə müayinəyə əsas verilə bilər. Buğda allergiyası ABŞ-da ən çox yayılmış 8 qida allergiyasından biridir və bəzən uşaqlar böyüdükcə bu xəstəlikdən sağalsa da, yetkinlik dövründə qazanılan buğda allergiyası adətən qalıcı olur.

Qlüten həssaslığı nədir?

Çölyak xəstəliyi ilə bağlı olmayan qlüten həssaslığı kimi də tanınan qlüten həssaslığı tibb dünyasında lazımi səviyyədə izah olunmayan patologiyadır. Qlüten həssaslığı çölyak xəstəliyi kimi autoimmun reaksiya və immun sisteminin anticisimlər yaratdığı allergik reaksiya deyil. Belə ki, qlüten həssaslığı diaqnozu adətən digər patologiyaların istisna olunması yolu ilə qoyulur – bu patologiyanın müəyyən olunması üçün müayinə və biomarker yoxdur. Əgər çölyak xəstəliyi və buğda allergiyası istisna olunarsa, qlütensiz pəhrizə keçilməsinə əsas verilir ki, bu zaman simptomların azalması müşahidə edilərsə qlüten həssaslığı diaqnozu təsdiqlənə bilər. Belə olan halda, qlütensiz pəhriz qlüten həssaslığının yeganə müalicə üsuluna çevrilir.

Qlütenə qarşı dözümsüzlüyün fərqi nədir?

Qlütenə qarşı dözümsüzlük anlayışı ilə qlüten həssaslığı anlayışı tez-tez bir-birinin əvəzinə istifadə olunur. Bu anlayışlar tibb dünyasında lazımınca izah olunmasa da, bir çoxları qlüten həssaslığının qlütenə qarşı dözümsüzlüyündən daha yüngül olduğunu hesab edir. Məsələn, qlüten qəbulundan yaranan və tez aradan qaldırılan yüngül simptomları olan insana qlüten həssaslığı diaqnozu qoyula bilər. Digər tərəfdən, daha uzun müddət davam edən ciddi simptomları olan şəxsə, çox güman ki, qlütenə qarşı dözümsüzlük diaqnozu qoyulacaqdır.

Çölyak xəstəliyindən fərqli olaraq, qlüten həssaslığı və qlütenə qarşı dözümsüzlük nazik bağırsağın selikli qişasına ziyan vurmur. Lakin bədən qlüteni yad cisim kimi müəyyən edir ki, bu da immun reaksiyaya səbəb olur. İltihab bu reaksiyanın bir hissəsi olmaqla şişkinlik, ishal və qarın nahiyəsində narahatlıq kimi simptomlara səbəb ola bilər, lakin bu simptomlar və iltihab qlütenin həzm vasitəsilə bədəndən çıxmasından sonra qısa müddət ərzində aradan qalxır. Qlüten həssaslığı və ya qlütenə qarşı dözümsüzlüyü olan insanın tez-tez qlüten qəbul etməsi baş ağrısı, letargiya, hiperaktivlik, əzələ zəifliyi və oynaq ağrısı kimi digər simptomlara da səbəb ola bilər.

Sizdə hansı halın olduğunu necə bilirsiniz?

Əgər siz qlüten tərkibli qidalar qəbul etdikdən sonra mənfi simptomlarla üzləşsəniz, sizdə hansısa xəstəlik, allergiya və ya qlütenə qarşı həssaslıq yaranması olduqca mümkündür. Təəssüf ki, dəqiq hansı halın olmasını müəyyənləşdirmək o qədər də sadə olmaya bilər. Problemin diaqnostikasında ilk addım həkiminizin qan analizi aparmasıdır ki, bundan sonra digər analizlər aparıla bilər. Bu analizlər aparılarkən siz qlüten tərkibli qidalar qəbul etməyə davam etməli və yalnız diaqnoz qoyulduqdan sonra qlütensiz pəhrizə keçməlisiniz.

Qan analizi çölyak xəstəliyinin diaqnozunu təsdiqləyə bilməz, ancaq immunoqlobulin E anticisimlərinin mövcud olmasını aşkar edə bilər ki, bu da bir növ autoimmun və ya qlütenə allergik reaksiya göstərə bilər. Əgər qan analizi IgE anticisimləri üçün müsbət nəticə verərsə, həkiminiz nazik bağırsağınızda zədələnmə olub-olmadığını yoxlamaq üçün endoskopiya tövsiyə edə bilər. Nazik bağırsağın selikli qişasının zədələnməsi çölyak xəstəliyi diaqnozunu təsdiqləyə bilərsə, zədənin olmaması buğda allergiyası, qeyri-çölyak qlüten həssaslığı və ya qlütenə qarşı dözümsüzlüyün yaranmasını göstərəcəkdir. Buğda allergiyasını təsdiqləmək üçün həkiminiz RAST və ya dəri sınağından istifadə edə bilər.

Qlütensiz pəhrizə başlamaq

Qlütensiz pəhrizə keçmək üçün ilk addım qlüten tərkibli qidaları müəyyən etməyi öyrənməkdir. Növbəti addım isə qlütensiz qidaları öz pəhrizinizə daxil etməkdən ibarət olacaqdır. Qlütensiz qidaları müəyyənləşdirməyin ən yaxşı yolu sadəcə qida paketinin üzərində “qlütensiz” etiketini axtarmaqdır ki, bunu da siz hər bir “Schär” məhsulunun üzərində görəcəksiniz. Qlüten tərkibli qidaları müəyyən etməyin başqa bir yolu qida etiketinin üzərində allergen xəbərdarlığının olmasını yoxlamaqdan ibarətdir. Yəni etiketin üzərində buğda nişanı varsa, məhsulun tərkibində qlütenin olması ehtimalı böyükdür. Lakin tərkibində qlüten olan elə məhsullar var ki, onların tərkibində buğda yoxdur. Odur ki, “qlütensiz” etiketi olmayan qidaları seçərkən olduqca diqqətli olmalısınız.

 

Tərkibində qlüten olan qidaların bəziləri aşağıdakılardır:

  • Buğda (buğda unu)
  • Arpa
  • Çovdar
  • Buğda zülalı
  • Buğda nişastası
  • Yarma (bulqur)
  • Maya
  • Kuskus
  • Manna yarması
  • Buğda kleykovinası
  • Buğda toxumu yağı
  • Buğda toxumu ekstraktı

Tərkibində qlüten ola biləcək digər qidalar və qida inqrediyentləri aşağıdakılardan ibarətdir: hidroliz olunmuş bitki zülalları, modifikasiya olunmuş qida nişastası, təbii və ya süni aromatizatorlar, ədviyyatlar və dadverici maddələr. Həmçinin yadda saxlamaq lazımdır ki, tərkibində qlüten inqrediyentləri olmayan qida məhsulları qlüten tərkibli qidalar istehsal etmək üçün istifadə olunan avadanlıqlar üzərində istehsal olunduğu zaman çarpaz çirklənməyə məruz qala bilər. Bu, əsasən çölyak xəstəliyi olan insanlar üçün narahatlıq doğursa da, eyni zamanda buğda allergiyası və ya qlütenə qarşı ciddi dözümsüzlüyü olanlara da mənfi təsir göstərə bilər. Qidanızın 100 faiz qlütensiz olmasından əmin olmağın yeganə yolu belə məhsulları “qlütensiz” etiketi olan və ciddi şəkildə qlütensiz mühitdə istehsal edən nüfuzlu şirkətlərdən almaqdır.

Yekun fikirlər

Əgər sizə çölyak xəstəliyi və ya buğda allergiyası diaqnozu qoyulmuşdursa, bu halı yüngülləşdirmək üçün dərhal qlütensiz pəhrizə keçməlisiniz. Əgər sizdə qlüten həssaslığı və qlütenə qarşı dözümsüzlük varsa, simptomlarınız yüngül və öhdəsindən gəlinməsi mümkün olduğu müddət boyunca hələ də normal miqdarda qlüten qəbul edə bilərsiniz. Lakin zaman keçdikcə əks təsirlərinə görə bunu etməyin lazımsız olduğunun şahidi olacaqsınız.

Harada olmağınızdan asılı olmayaraq, əvvəlkindən daha çox qlütensiz qidaların mövcudluğunu bilməkdən məmnun olacaqsınız. Siz hətta öz sevdiyiniz qidalardan imtina etməyə də bilərsiniz, sadəcə həmin qidaların qlütensiz əvəzləyicisinə keçməlisiniz.