Schär | glutenfree Products - Çarpaz yoluxma barədə bilmədiklərimiz

Çarpaz yoluxma barədə bilmədiklərimiz

Bütün məhsullar Çölyak xəstəliyi haqqında

Çölyak xəstələrinin çarpaz yoluxmadan uzaq, normal bir həyat yaşamaları mümkün və zəruridir.

Bunun üçün xəstəliyin qəbul edilməsi və təşkilatlanma vacibdir. Çarpaz yoluxmanın nə olduğunu izah etmək və ondan xilas olmanın yollarını tapmaq məqsədilə klinik qidalanma sahəsində 15 illik təcrübəyə malik diyetoloq Juliana Krusinski və eyni zamanda, hər iki qız övladı çölyak xəstəliyinə tutulan Cənubi Braziliya Çölyak Assosiasiyasının (ACELPAR) vitse-prezidenti Ana Klaudia Sendofanti ilə söhbət apardıq.

Çarpaz yoluxma nədir?

Qidalanma mütəxəssisi Juliana Krusinski çarpaz yoluxmanı belə izah edir: “Bu, ilk yarandığı zaman tərkibində qlüten olmayan qidalar, qablar və səthlərdə qlüten hissəciklərinin sonradan meydana gəlməsidir”.

Çarpaz yoluxma bir çox hallarda baş verə bilər: əkin, yığım, saxlama, emal, sənayeləşmə, daşınma zamanı, satış nöqtələrində və həmçinin qida məhsullarının emalı sahələrində.

 

Əkin zamanı çarpaz yoluxma baş verə bilərmi?

Şübhəsiz. Məsələn, düyü öz-özlüyündə təbii qlütensiz bir dənli bitkidir, lakin buğda ilə eyni tarlada yetişdirilərsə, yoluxa bilər.

Şirkətlər bitkilərə yalnız əkin zamanı deyil, o cümlədən daşınma prosesi müddətində də diqqət yetirməlidir. Belə ki, bir çox hallarda qlütensiz məhsullar rafiya kisələrinə (hörgülü, kiçik deşikli kisələr) yığılaraq içində qlüten unu olan kisələr ilə eyni mühitdə saxlanılır.  Məhz bu səbəbdən “Schär” şirkəti idarə olunan əkinçilik modelinə uyğun olaraq fəaliyyət göstərir.

 

Çarpaz yoluxmadan ev şəraitdə necə qorunmaq olar?

Bir qayda olaraq çölyak xəstəliyi olanların yaşadığı və nahar etdiyi mühitlərdə qlütenli mənbələr olmamalıdır.

Juliananın sözlərinə görə evdən qlüteni tamamilə xaric etmək mümkün olmadıqda, çölyak xəstəsinə məxsus hər şeyi: yeməkləri, qabları, paltarları və süfrələri ayırmaq lazımdır. “İlkin olaraq qlütensiz qidalar hazırlanmalıdır. Sonda isə onların qabları xüsusi bir süngərlə ayrıca yuyulmalıdır”, – deyə Juliana izah edir. O, həmçinin qeyd edir ki, “Kərə yağı, mürəbbə, kürü kimi qida bankaları bir-birindən ayrı saxlanmalı və evdə yaşayan hər kəs tez-tez əllərini yumalıdır, belə ki, qlüten telefonlar, uzaqdan idarəetmə vasitələri, qapı dəstəkləri, kompüterlər və bütün istifadə olunan digər səthləri də çirkləndirə bilər”.

Həmçinin qlütenin evdəki digər növ məhsullarda da ola biləcəyini unutmayın:

  • Ev heyvanları üçün qidalar;
  • Tərkibində yulaf və ya buğda olan kosmetik vasitələr (kremlər, makiyaj vasitələri, şampunlar və s.);
  • Plastilin;
  • Lövhədə yazmaq üçün istifadə olunan tabaşir;
  • Rezin hava şarları;
  • Üz boyası;
  • Ağ yapışqan

 

Evdən kənarda yemək yeyilən zaman çarpaz yoluxmadan necə qorunmaq olar?

Juliana qeyd edir ki, “Çölyak xəstəliyinin nə olması və yoluxmanın səbəb olduğu risklərlə bağlı məlumatlandırılma və istiqamətləndirmə işləri daha geniş miqyasda aparılsa hər şey daha asan olardı. Lakin təəssüf ki, bir çox yerdə bütün bunlara hələ də yeni bir şey kimi baxılır “. Qidalanma mütəxəssisinin fikrincə, müştərilərinin sağlamlığı və təhlükəsizliyinə qayğı ilə yanaşan ciddi müəssisələr hətta ortaq bir mətbəx şəraitində belə istifadə olunan resursların düzgün seçilməsinə nəzarət edə və gigiyena baxımından daha təhlükəsiz müəyyən yeməklər hazırlanmasına nail ola bilərlər.

Bizləri, yəni çölyak xəstələrini, nəzərə alan restoranlar bu məsələyə daha diqqətli yanaşmalıdırlar: bütün məhsulları çiy halından izləməli, işçilərini təlimatlandırmalı və heç bir halda yoluxma olmayacağına dair zəmanət verməlidirlər.

Juliana xəbərdar edir ki, digər restoranlarda yoluxmadan qorunmaq çox daha çətindir, lakin bəzi hallarda yenə də barbekyu və salatlardakı ətlərdən yemək mümkün olur. “Hər halda, yaxşı olar ki, sifariş vermədən  öncə sizin üçün daha təhlükəsiz yeməklər barədə maraqlanasınız”.

 

Ən yüksək yoluxma riski olan yeməklər:

  • Qızartma yeməklər (belə ki, bu zaman yağ təkrar istifadə oluna bilir, hətta yeni yağla belə qlütenli hissəciklər fritoz maşınının divarlarına yapışa bilər);
  • Lobya (bulyonu həlimləşdirmək üçün tərkibində un və emaldan keçmiş ədviyyatlar mövcud ola bilər);
  • Souslar (tərkibində un ola bilər)
  • Emal edilmiş bulyonlarla dadlandırılmış toyuq

 

Ana Klaudianın ailəsi yalnız çölyak xəstələrinə uyğun olan və çarpaz yoluxmanı nəzarətdə saxlayan restoranlara gedirlər. “Qlütenlə çarpaz yoluxmanın geniş yayıldığı ənənəvi restoranlarda yemək yeyərək qızlarımızın sağlamlığını təhlükəyə atmırıq,” – deyə o, bildirir.

 

Çarpaz yoluxmanın qarşısının alınması üçün qabların sterilizasiyası necə aparılmalıdır?

Adətən çölyak xəstələrinin istifadə edilən qabları bütün tullantılardan təmizləmək üçün tez-tez müraciət etdikləri prosedur “üçlü yuma” adlanır və bu zaman hər şey süngəri dəyişməklə 3 dəfə yuyulur. Qeyd edək ki, bu prosedur taxta və plastik əşyalar, tosterlər, blender və qarışdırıcı maşınlar üçün keçərli deyil, belə ki, onların çirkinin təmizlənməsi mümkünsüzdür. Lakin bu üsul hər dəfə təkrar edilmək üçün yetərli qədər praktik və ekoloji hesab edilmir, bu səbəbdən çölyak xəstələrinə məxsus bütün əşyaların digərlərindən ayrı saxlanması tövsiyə edilir.  Həqiqətdə isə ən yaxşısı, evdə ümumiyyətlə qlütenin mövcud olmamasıdır.

Ana Klaudianın ailəsinin seçimi isə qızlarından yana olmuşdur. Baxmayaraq ki, Ana və əri çölyak xəstələri deyildilər, onlar qızları ilə birlikdə evdə və evdən kənarda eyni pəhrizə uyğun qidalanmağı seçirlər.  Yoluxmanın qarşısını almaq üçün soba qabları, taxta və plastiklər, məişət texnikaları, qablar və digər zəruri bütün əşyaları dəyişdirdilər.  “Bu addımı atmağımıza səbəb onların səhhətini qapalı məkanda çarpaz yoluxma riskindən qorumaq və dəstəyimizi nümayiş etdirmək idi. Hesab edirik ki, ailə üzvləri bir-birlərini dəstəkləmək və qorumaq üçün bir olmalıdırlar, biz əksini edə bilməzdik,” – deyə bildirir və əlavə edir: “Qızlarımın zehni və fiziki sağlamlığı mənim və ərim üçün hər şeydən öndə gəlir. Heç kəsin evimizə qlütenlə girməsinə icazə vermirik. Bizi ziyarətə gələn hər kəs bunu bilir və qaydalarımıza hörmət edir”.

Sosial həyata xələl yetirmədən çarpaz yoluxmanın öhdəsindən necə gəlmək olar?

Sosial həyatdan qopmadan qida təhlükəsizliyimizi təmin etmənin əsas sirri düzgün təşkilatlanma və planlaşdırmadır. Ana Klaudiaya görə, çölyak xəstəliyi yalnız siz izn verdiyiniz təqdirdə həyatınızı məhdudlaşdırar, çünki qəbuletmə və təşkilatlanma düzgün aparılarsa öhdəsindən gəlinməsi mümkünsüz heç bir maneə qalmaz.

Onun sözlərinə əsasən, səyahətə çıxmazdan öncə təyinat nöqtələrində çölyak xəstələri üçün təhlükəsiz seçimlərin olub olmadığını araşdırırlar. Heç bir seçim olmadıqda, onlar özləri ilə səyahət ləvazimatları götürürlər: qlütensiz qidalar, çıxarıla bilən dəstəyi olan qazanlar, yoluxma riski olmadan mikrodalğada bişirməyə imkan verən qablar. “Qızların yeməklərində mövcud olan məhdudiyyətlər üzündən heç vaxt səyahət etməkdən vaz keçmərik. Hər şeydən öncə, ictimai həyat çox önəmlidir və ondan imtina etmək yolverilməzdir. Lakin bu yolda onların sağlamlıqları ilə də risk etmirik. Sadəcə səyahətlərimizin daha güvənli keçməsi üçün təşkilatlanırıq. “